Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyinə yekun vurulub. 9 gün davam edən yarışı Azərbaycan milli komandası 2 qızıl və 2 bürünc medalla bitirib.
"Operativ Media" xəbər verir ki, yığmanın heyətində Şahin Aslanov Avropa çempionu tituluna yiyələnib. 52 kq çəkidə mübarizə aparan boksçumuz finalda Nikolay Nikolayevi (Bolqarıstan) məğlub edib. O, həlledici döyüşdə 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə qələbə qazanaraq qızıl medala sahib olub.
Millinin heyətində ən ağır çəkili boksçu Səftər Məmmədzadə (90 kq) də Avropanın ən güclüsü tituluna yiyələnib. Təmsilçimiz finalda ukraynalı Yosip-Vladislav Kozakeviçə 5:0 (29:28, 29:28, 30:27, 30:26, 29:28) hesabı ilə qalib gələrək, Mariborda Azərbaycan himnini səsləndirib.
Komandamızın aktivinə bürünc medalları isə Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) yazdırıblar.
32 ölkədən 380 idmançının qatıldığı yarışda 4 medal qazanan oğlanlardan ibarət milli Avropada dördüncü yeri tutub. Yarışda ümumilikdə 9 ölkənin boksçusu çempionluq sevinci yaşayıb. Birinci pilləni Ukrayna (6-1-5) tutub.
Qeyd edək ki, 2022-ci ildə Türkiyədə komandamız 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdisə, bu dəfə finala vəsiqə qazanan hər 2 boksçumuz rinqdən qalib ayrılaraq çempion tituluna yiyələnib.






