Braziliya Futbol Federasiyası “Mançester Yunayted”in futbolçusu Antonini keçmiş sevgilisinə fiziki təzyiq göstərdiyi iddiası ilə milli komandadan uzaqlaşdırdığını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, federasiyadan verilən açıqlamada bu qərarın ictimai səs-küy və araşdırmaya ehtiyac olduğu üçün qəbul edildiyi bildirilib.
Sosial media hesabında iddiaları təkzib edən Antoni, "Mənə qarşı irəli sürülən bütün ittihamların həqiqəti əks etdirmədiyini rahatlıqla deyə bilərəm. Ortaya çıxan dəlillər mənim günahsız olduğumu göstərəcək" deyib.
Braziliya mətbuatında yer alan xəbərlərə görə, 23 yaşlı Antoni yanvarın 15-də Mançesterdə otel otağında keçmiş sevgilisi Qabriela Kavallinə fiziki təzyiq göstərib. Mançester və San Paulo polisi də hadisə ilə bağlı araşdırmalarını davam etdirir.
Braziliya Milli Komandasında 15 matçda 2 qol vuran Antoni ötən mövsüm "Mançester Yunayted"də bütün turnirlər daxil 47 matçda 10 qol və 5 məhsuldar ötürmə ilə çıxış edib.






