Braziliya millisinin və "Tottenhem"in ulduzu Riçarlison psixoloji yardım alacaq

Əziz Əzizli
Braziliya millisinin və "Tottenhem"in ulduzu Riçarlison psixoloji yardım alacaq

Son vaxtlar həm "Tottenhem", həm də Braziliya forması ilə qol vurmaqda çətinlik çəkən Riçarlison Braziliyanın Boliviyanı 5:1 hesabı ilə məğlub etdiyi matçda oyundan çıxarılarkən göz yaşlarına boğuldu. Bəzi problemləri olduğunu etiraf edən Riçarlison psixoloji yardım alacağını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, "Globo"ya danışan Riçarlison bunları deyib: "Son beş ayda meydandan kənarda təlatümlü dövr yaşadım. Yalnız pulum üçün yanımda olan insanlar məndən uzaqlaşdılar. Hazırda evdə hər şey yaxşıdır. Əminəm ki, "Tottenhem"də yaxşı çıxış edəcəm. Göz yaşlarıma səbəb Boliviyaya qarşı oyunda pis çıxış etdiyimə görə deyildi. Bu, meydandan kənarda yaşadıqlarımla bağlı daha çox partlayıcı bir an idi. İngiltərəyə qayıdıb psixoloji yardım alıb sağalmağa çalışacağam. Daha güclü qayıdacağam."

Riçarlison 2022-ci ilin iyulunda "Everton"dan "Tottenhem"ə keçdikdən sonra yeni klubunda 40 oyunda cəmi 4 qol vurub. O, 2022-ci il Dünya Kubokundan bəri Braziliya yığmasında qol vurmaq üçün mübarizə aparır.

Digər xəbərlər