
İtaliya A Seriyasında mövsümə pis başlayan Romada mövsümün sonunda müqaviləsi bitəcək portuqaliyalı baş məşqçi Xoze Mourinyonun komandadan ayrılacağı gözlənilir və bu səbəbdən klub alternativ axtarışlara başlayıb.
"Operativ Media" "Sport Mediaset"ə istinadən xəbər verir ki, paytaxt komandası Mourinyodan sonrakı dövr üçün Antonio Konteni komandanın başına gətirməyi düşünür.
“Roma” ilə Konfrans Liqası çempionluğunu qazanan və UEFA Avropa Liqasını finalda “Sevilya”ya uduzan Mourinyonun müqaviləsi bitdikdən sonra komandadan ayrılacağı dəqiq hesab edilərkən, gündəmə gələn ilk ad "Tottenhem" ilə yollarını ayırdıqdan sonra heç bir komandada çalışmayan italiyalı baş məşqçi Konte oldu.
Daha əvvəl “Yuventus”, “İnter” və İtaliya milli komandasında çalışan Konte “Çelsi” ilə də Premyer Liqa çempionu olub. Həm "Yuventus", həm də "İnter"lə A Seriyasını qazanmağı bacaran Kontenin illik xalis maaşının 7-8 milyon avro olacağı təxmin edilir. Hazırda "Roma" rəhbərliyinin bu qiymətlə razılaşması çox çətin görünsə də, baş verəcək hadisələr artıq maraqla gözlənilir.