Təmizlikçi qadın Neymardan şikayətçi olub
Zədə problemi ilə mübarizə aparan Neymarla bağlı Fransada çox şok edici istintaq başladılıb.
"Operativ Media" xəbər verir ki, PSJ-dən ayrıldıqdan sonra Xorxe Xesusun çalışdırdığı Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına keçən dünya şöhrətli braziliyalı futbolçu Neymar, dövlətə bəyan etmədən təmizlikçi işə götürməkdə və onu istismar etməkdə ittiham olunduğu üçün cinayət işi açılıb.
Neymar 4 uşaq anası olan 35 yaşlı braziliyalı qadını işə götürdüyünü bəyan etmədiyi üçün əmək məhkəməsinə sövq edilib.
2021-ci ilin yanvarından 2022-ci ilin oktyabrına qədər həftənin yeddi günü işlədiyini iddia edən qadın “Əl-Hilal”ın ulduzundan 368 min avro tələb edib. Hesabatda o da bildirilirdi ki, şikayətçi dördüncü övladının vaxtından əvvəl doğulmasına iki həftə qalmışa qədər işləməyə məcbur olub, sonra işini tərk edib.
Şikayətçinin vəkilləri Neymarın əmək qanunvericiliyinin ən elementar qaydalarını pozduğunu bildiriblər.
2021-ci ildən etibarən həftədə 60 saat olmaqla saatda 15 avroya işlədiyi deyilən şikayətçi heç vaxt maaş qəbzi almadığını, tətil və ödənişli məzuniyyətdən faydalanmadığını iddia edib. Neymarın vəkilləri “Le Parisien” nəşrinə verdikləri açıqlamada məsələ ilə bağlı heç bir məlumata malik olmadıqlarını bildiriblər.