Dünən Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində son oyununu keçirib. Canni De Byazinin başçılıq etdiyi komanda səfərdə Belçika milliisi ilə qarşılaşıb.
Start fitindən əvvəl Azərbaycan Himninin əvəzinə İsveç himnini səsləndirən Belçika tərəfi ilk hücumunu reallaşdırmışdı. AFFA rəsmilərinin etirazından sonra səhv aradan qaldırıldı.
Matçdan öncə millinin start heyəti açıqlanda De Byazinin İsveçlə matçdakı heyətdə dəyişiklik etdiyi bilindi. İsveçlə matçda cəzalı vəziyyətə düşən Ramil Şeydayev və Bəhlul Mustafazadənin yoxluğunda italyan çalışdırıcı Mahir Emreli və Höccət Haqverdiyə əsas heyətdə yer vermişdi.
Daha bir dəyişiklik isə meydanın mərkəzi ilə bağlı idi. Əvvəlki oyundan fərqli olaraq Coşqun Diniyev ehtiyat oyunçular skamyasında əyləşdirilmişdi. O mövqedə Premyer Liqada 14 oyuna 56 dəqiqə şans qazanan Eddi İsrafilova şans verilmişdi. Oyun praktikası olmayan Eddi meydanda cəmi 24 dəqiqə qala bildi. İki dəfə sarı vərəqə ilə cəzalanan futbolçu meydandan qovuldu.
İlk hissədə Romelu Lukaku 4 qol vurduqdan sonra Belçika millisinin italyan baş məşqçi Tedeskonun həmyerlisi De Byaziyə yazığı gəldi və ikinci hissə hücumçunu əvəzlədi. İkinci hissə daha bir qol vuran ev sahibi 5-0 hesabı ilə qalib gəldi.
Matçdan sonra azərbaycanlı idman jurnalistlərinin suallarına qəzəblənən De Byazi mətbuat konfransını yarımçıq tərk etdi. Getməmişdən öncə belçikalı jurnalistlərə azərbaycanlı idman jurnalistlərinin axmaq olduğunu və axmaq suallar verdiyini deyən De Byazi 6-cı qolu da öz qapımıza vurdu.
İlin sonunda müqaviləsi başa çatan De Byazinin millinin sükanı arxasında qalması çətin görünür. Yox, əgər AFFA İcraiyyə komitəsi onunla müqaviləni uzatmaq istəyirsə, dünənki "axmaqlar" sözünün yiyəsi ola bilər.
Operativ Media - İdman xəbərləri departamenti