
Bu mövsüm "Qalatasaray"ın heyətində Türkiyə Super Liqasında və Avropada oynadığı 25 matçın hamısında ilk 11-də forma geyinən Saşa Boey gözəl çıxışını davam etdirir.
"Operativ Media" "Sabah" qəzetinə istinadən xəbər verir ki, 480 min avro maaşla ən az qazanan əcnəbi futbolçu olan Boeyi yanvar ayında iki ssenari gözləyir.
"Qalatasaray" cəbhəsi fransız sağ cinah müdafiəçisinin 1,5 ildən sonra başa çatacaq müqaviləsini uzatmaq üçün hərəkətə keçib. 2 milyon avronu gözdən çıxaran "sarı-qırmızılılar" hələ də Boeni razı salmayıb.
Yanvara qədər müqaviləni uzatmağa razı olmasa, Saşa Boeyin satışı gündəmdə olacaq. 2000-ci il təvəllüdlü futbolçu xüsusilə Çempionlar Liqasındakı çıxışı ilə seçilib.
İtaliya, İngiltərə və Fransa klubları Boeni transfer siyahısına salıb. Mövsümün əvvəlində "Bornmut"un Premyer Liqadan etdiyi 12 milyon avroluq təklifi rədd edən "Qalatasaray" rəhbərliyi uğurlu futbolçudan ən az 20 milyon avro transfer gəliri gözləyir.