
"Bu heyətin potensialı var və gələcəkdə böyük uğurlar qazana bilərik".
Bunu "Operativ Media"ya açıqlamasında Azərbaycanın futzal millisinin qapıçısı Rövşən Hüseynli deyib. O, komandada istək və əzmkarlıq olduğunu bildirib.
"Komandada milli ruh yüksəkliyi var. Hər kəs məsuliyyətini anlayır. Komandada istək və əzmkarlıq var. Bu həm məşqlərdə, həm də Rumıniya ile oyunda hiss olundu. Taktiki planda, oyun təcrübəsində çatışmamazlıqlar var və bu da, səhvlər etməyə gətirib çıxarır. Amma nəzərə alaq ki, əsasən yerlilərdən, gənc oyunçulardan qurulmuş heyətdir. Biz də səhvlər edə-edə oyun təcrübəsi toplamışıq, taktiki plani öyrənmişik. Buna görə də bu gün komandada olan təcrübəli oyunçular olaraq oyunda məsuliyyəti daha chox öz üzərimizə götürməliyik, oyun boyu onlara daha chox informasiya verməliyik ki, daha az səhvlər edək ve birlikdə bu oyundan qələbə ilə ayrılaq. Bu heyətin potensiali var və gələcəkdə böyük uğurlar qazana bilərik. Bu yolda şəxsən mən də öz məsuliyyətimi bilirəm. Özümə borc bilirəm ki, daim onların yanında olum, onların səhvini belə öz səhvim qəbul edib onlara dəstək olum və inkişaflarında kömək olum".
Qeyd edək ki, futzal üzrə Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün son oyununu Niderlanda qarşı keçirəcək.