Qarabağ Universitetində ixtisasların keçid balları nə qədər olacaq?
Nərmin Qocamanlı
Xankəndidə yerləşən Qarabağ Universitetində ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə qəbul aparılacaq.
Tədqiqatyönümlü universitet 6 fakültə və 20 ixtisas ilə fəaliyyətə başlayacaq. Eyni zamanda Qarabağ Universitetinin tələbələri ilk illərdə dövlət hesabına təhsil alacaq və təqaüdlərlə təmin olunacaqlar.
Bəs universitetin keçid balları hansı meyarlar üzrə formalaşacaq?
Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadə "Operativ Media"ya açıqlamasında bildirib ki, ixtisasların keçid balı əvvəlcədən müəyyən olunmur:
"Keçid balı müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Yəni keçid ballarını müsabiqənin lap sonunda biləcəyik".
Təhsil eksperti İlqar Orucov isə qeyd edib ki, ixtisaslara maraq və tələbat çox olduqda, keçid balları da yüksək olur:
"Hesab edirəm ki, Qarabağ Universitetini seçmək istəyənlər də çox olacaq və eyni zamanda bizim ən savadlı, ən perspektivli məzunlarımız bu universitetə qəbul olacaq. Bu səbəbdən də müvafiq olaraq keçid balları yüksək ola bilər. Amma konkret nəticə Dövlət İmtahan Mərkəzinin keçirəcəyi qəbul imtahanların nəticələrinə və Qarabağ Universitetində plan yerlərinin sayına görə müəyyənləşəcək".