Novruz bayramına az müddət qalıb. Bayramla əlaqədar ardıcıl olaraq 7 gün qeyri-iş günü olduğundan turizm şirkətləri xüsusi turpaketlər hazırlayıb.
“Operativ Media” bayram tətili üçün qiymətləri araşdırıb.
Turizm üzrə eskpert Elgün Babayev deyir ki, bu il bölgə hotellərinə hələki tələbat azdır. Qiymətlərin baha olması və istirahətin insanların gözləntilərini doğrultmaması tendensiyanı dəyişib.
“İllərdir müşahidə etdiyimiz budur ki, Novruz bayramında vətəndaşlarımız daha çox Türkiyə, Misir, Dubay istiqamətinə üz tuturlar. Lakin hazırda Novruz bayramı ilə əlaqədar olaraq ümumi müraciət edənlərin sayında azlıq var. Amma bayrama az müddət qalmış yəqin edirik ki, tələbat artacaq. Əlbəttə tələbat artdıqca, qiymətlərdə də dəyişiklik olur. İstər yerli turlarda, istərsə də xarici turlarda qiymətə təsir edir. İndiki vəziyyətdə İstanbul üçün bayram ərəfəsində 3 gecə, 4 gün 1 nəfər üçün 750 manatdan, Dubay üçün 3 gecə, 4 gün 1 nəfər üçün 800-900 manatdan başlayır. Qiymətə gediş-dönüş aviabiletləri, transfer, hoteldə gecələmə və səhər yeməyi daxildir.
Elgün Babayevin sözlərinə görə, bölgələrdə fəaliyyət göstərən hotellər hələlik bayram günləri üçün olan xüsusi paketlərinin elan etməyiblər. Lakin evlərin rezervasiyası başlayıb.
“Bayramı öz rayonlarımızda keçirmək istəyən vətəndaşlarımız vardır ki, onlar daha çox Şəki, Qəbələ, İsmayıllı, Şamaxı, Qusara üz tuturlar. Sözügedən rayonlarımızda günlük ev qiymətləri aşağı yuxarı demek olar ki, eynidir. Novruzda qiymətlər hələki tam açıqlanmayıb. Amma, ümumi olaraq bəlli qiymət aralıqları var. Məsələn, rayonlarımızda sadə evlər 130 manatdan 200 manata qədər, sadə a-freymler 250 manat, isti hovuz a-freymler 350-1000 manat aralığında, sadə villalar 250-300 manat, lüks villalar isə, yəni içində isti hovuzu, saunası, caqquzi olanlar 500-1000 aralığında dəyişir. Qiymətə təsir edən əsas amillər isə həm adam sayı, həm də qalacaq yerlərin komfortluq səviyyəsidir. Əgər tələbat az olarsa ,qiymətlərdə cuzi də olsa enmələr müşahidə edəcəyik. Bundan əlavə qalıcı qrup turlarımız da vardır ki, 1 gecə, 2 gün hotelde gecələmə, səhər yeməyi və trasnfer daxil 100-250 manat arasında dəyişir”.






