
Son illərdə daşınmaz əmlak bazarında aktivlik müşahidə olunur. Xüsusən ev almaq istəyənlərin sayı çoxalıb. Alıcıları maraqlandıran ən əsas məsələ isə evin yerləşdiyi ərazi və münasib qiymətə olmasıdır.
Bəs paytaxtın hansı ərazilərində evlərin qiyməti daha ucuzdur?
"Operativ Media" Bakının müxtəlif ərazilərində evlərin qiymətlərini araşdırıb.
Daşınmaz əmlak agenti Yusibov Sənani bildirib ki, köhnə binalara tələb daha yüksəkdir:
"Köhnə binaların qiyməti 120-125 min AZN-dən başlayır və kvadratına görə dəyişir. Mikrorayonlarda isə köhnə mənzillərin qiymətləri 85 min manatdan yuxarıdır. Şəhərin mərkəzinə daha yaxın ərazilərdə təmirsiz bina evlərinin kvadrat metri 2 000 manatdan başlayır və getdikcə artır. Nisbətən mərkəzdən daha uzaq yerlərdə isə 380 kvadratmetrlik evin qiyməti 1 600 - 1 800-dən başlayır. 28 may, Nərimanov, Gənclik ərazilərində ev alqısında qiymətlərin bahalılığı səbəbindən müəyyən qədər qıtlıq hiss olunur. Ümumiyyətlə, binalar 2 tipdə olur, biri İstanbul binaları kimi beşmərtəbəli olanlar, digəri isə doqquzmərtəbəli binalardır. Beşmərtəbəli binalarda evlərin bir kvadratmetri 1 000 - 1 500 manatdırsa, doqquzmərtəbəli binalarda bu qiymət 1 000 - 1 100 AZN təşkil edir. Mərdəkan, Buzovna, Şüvəlan tərəflərdə isə torpaqların sotu 25 mindən baha deyil. Hövsan, Masazır kimi şəhərdən qıraq ərazilərdə isə isə orta standartlı bağ evlərinin qiyməti 120 - 180 min aralığında dəyişir. Bağ evlərinin ən bahalı olduğu ərazilər Həsən Əliyev, Teymur Əliyev və Badamdar qəsəbəsi 1-ci massiv əraziləridir".
O qeyd edib ki, hazırda kirayə evlərinin qiymətində geriləmə hiss olunur, bunun səbəbi isə Qarabağlıların işğaldan azad edilmiş ərazilərə köçməsi və zəlzələ hadisələrinin çoxalması ilə əlaqədardır ki, insanlar daha çox həyət evlərinə maraq göstərirlər. Məhz bu səbəbdən yaxın zamanda kirayə bina evlərinin qiymətində 80 - 100 AZN ucuzlaşma gözlənilir.
Başqa bir daşınmaz əmlak agenti Mülkədar Rüstəmov isə bildirib ki, Bakı şəhərində ən ucuz kirayə evlər Abşeron və Binəqədi rayonu ərazisinə düşür:
"Kirayə mənzilər daşınmaz əmlak bazarının 30 % təşkil edir. Ötən ilə nisbətən kirayə mənzillərdə 5% bahalaşma müşahidə olunur. Xüsusilə, Xırdalan şəhəri, Masazır, Saray qəsəbəsi, Biləcəri, Rəsulzadə qəsəbəsi, kənd Binəqədi ərazilərinə kirayə axını çoxdur. Əsasən, fərdi evlərə üstünlük verirlər. Qiymətlər 200 manatdan 350 manata qədər dəyişir. 2 otaqlı mənzillər çoxluq təşkil edir. Həmçinin Sabunçu rayonu, Ramana, Binə qəsəbəsi də kirayə evlər cəhətdən ən ucuz ərazilər hesab olunur və qiymətləri 150 AZN-dən başlayır. Mərkəzə yaxın ərazilərdə qiymətlər 500-700 AZN təşkil edir, köhnə binalarda iki otaqlı mənzillərin qiymətləri 500 manatdan başlayırsa, yeni tikililərdə isə iki otaqlı evlər 800 AZN-ə qədər qalxa bilir. Köhnə binalarda 3 otaqlı mənzillər 700-800 AZN arasıdırsa, təzə binalarda eyni otaqlı mənzillərin məbləği 1 200 manatadək yüksəlir. Qiymətin aşağı və ya yuxarı olması evin şəraitindən asılıdır. Ən bahalı kirayə evlər Yasamal, Nizami, Elmlər Akademiyası, Nərimanov, Gənclik metrosu yaxınlığındadır".
Ekspertin sözlərinə görə, kirayə ev bazarında avqust-sentyabr aylarından qiymətlərin daha da artması gözlənilir, çünki şəhərdə kütləvi söküntülər artıq ənənə halını alır.
Sevinc İbrahimzadə