Əmlak bazarında durğunluq müşahidə olunur - makler
“Son iki aydır ki, bir dənə də mənzil satılmayıb. Yeni ildən sonra bazar tam dayanıb”.
Bunu “Operativ Media”ya açıqlamasında əmlak satışı üzrə bloger Tural Əfəndi deyib.
Tural Əfəndinin sözlərinə görə, mənzil bazarında aylardır durğunluq yaşanır. Satışa təklif olunan mənzil çox olsa da, alan yoxdur.
“Vətəndaşların daşınmaz əmlaka yatırım kimi baxması qiymətləri bahalaşdırıb. Nəticədə bu gün ev alanların böyük əksəriyyəti bir neçə evi olan insanlardır. Onlar da bu mənzilləri ya kirayə vermək üçün, ya da gələcəkdə satmaq üçün nəzərdə tutub. Mənzil ildən-ilə 10-15% bahalaşır. İki nəfər bir yerə gəlib biznes qurmaq istəyirsə, birinci düşünürlər ki, ev alıb baha sataq. Nəticədə də bahalaşma başlayır. Elə adam var ki, 50 evi var. Adam da var ki, bir evi yoxdur. Bazara naşı adamların daxil olması satışı dayandırıb”.
Tural Əfəndinin sözlərinə görə, təmirli mənzillər, təmirsizlərə nisbətən daha tez satıldığından satışa daha çox hazır təmir edilmiş mənzillər təklif olunur. Lakin bu üsul da artıq satışa təsir etmir. Çünki təmirli mənzillərə də alıcı tapılmır.
“Nə təmirli mənzili alan var, nə də təmirsiz mənzili. Əvvəl belə idi ki, ev əgər satılmırdısa, onu təmir edib bazara çıxarırdılar. Ya da təmirsizin qiymətini ucuz qoyurdular. İndi fərqi yoxdu təmirli ya təmirsiz. İkisi də satılmır. Çünki bu savadsız adamlar bu işlə məşğul olur. Bilməyən insanlar bərbad təmir edir deyə digər mənzillər də gözdən düşür. Bir zamanlar dəbdəbənin simvoluna çevrilən milyonlarla manat qiyməti olan bahalı bağ evlərinin satışı isə aylardır dayanıb. 8 milyon manata satılan villamız olub. O villa dəyərindən də ucuz təklif olunurdu. İnsanlar əvvəllər milyonluq villaları alırdılar. İndi minimalizmə üstünlük verirlər. Amma ölkə xaricində yaşayan azərbaycanlılar düşünür ki, torpaq alın bir neçə ilə villa tikməkdənsə, elə həmin villanın hazırını alım. Çünki əksər hallarda dəyərindən ucuz təklif olunur. Niyə dəyərindən ucuz deyirik? Ona görə ki, bizdə bahalı məhsullar həmişə dəbdə olub. Divar kağızları, mebellər xaricdən gətirilib, torpaq ucuz olan vaxt alınıb deyə sahə böyükdür, amma sahibi sata bilmir deyə ucuz satışa çıxarır. Bu isə alan adama sərf edir. Villa var ki, ümumilikdə 5 milyon manat xərc çəkilib, amma satışa 3 milyona təklif olunur”.