Son bir neçə gündür ki, Almaniyadan idxal edilən dərmanların bahalaşması ilə bağlı məlumatlar yayılıb. Vətəndaşlar qiymətlərin kəskin artdığını deyirlər.
“Operativ Media” paytaxtdakı “Alman” apteklərindən qiymətləri öyrənib. Əczaçılar da qiymət artımını təsdiqləyiblər.
“Təxminən 20-30% artım var. Bu artım bizdən qaynaqlanmır. Almaniyanın özündə qiymətlər bahalaşıb. Qaraciyər, zob üçün olan dərman, öskürək siroplarının qiyməti aylardır ki, bahalaşıb. Dərman adı çəkmədən desək, əvvəl 20 manata satılan dərman indi 24 manatdır. Yalnız bir istehsalçı qiyməti artırmayıb. Biz satdığımız bütün dərmanlarda artımlar belədir”-saytımıza əczaçı N.B bildirib.
Qeyd olunur ki, bahalaşan dərmanlar içərisində təlabatın yüksək olduğu preparatlar da var:
“Bəzi dərmanlar var ki, pasiyentlər mütləq qaydada ondan istifadə etməlidirlər. Əvəzedicisini qəbul etmirlər. Bahalaşan dərmanlar əsasən qiyməti tənzimlənməyən dərmanlardır. Digərləri olduğu kimi qalıb” - deyə digər əczaçı bildirib.
Elmin B.






