Həyət evlərinə tələbat niyə artıb?

Nərmin Qocamanlı
Həyət evlərinə tələbat niyə artıb?

Son aylar fərdi həyət evlərinə tələbatın artması müşahidə olunur. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzi məlumat yayıb. Mərkəz tərəfindən aparılan monitorinqə əsasən, yanvar ayında bağ evlərinə tələbat azalsa da, fərdi həyət evlərinə maraq artıb. 

Əmlak eksperti Elnur Fərzəliyev “Operativ Media”ya açıqlamasında deyib ki, xüsusilə aztəminatlı ailələr mənzillərin qiymətlərindəki artıma görə fərdi yaşayış evlərinə üstünlük verirlər:

“Şəhərdə bina evlərinin qiyməti fantastik həddə bahalaşıb. Buna görə də insanlar Bakı ətrafında olan ərazilərə üz tuturlar. Yeni qaydalara əsasən, çıxarışı olmayan həyət evlərinə komunikasiya xətlərinin çəkilməsi qadağan edilib. Bu da öz növbəsində çıxarışı olan evlərə tələbatı artırıb. Əvvəl fərdi şəxslər torpaq alıb, kiçik ölçüdə bir neçə ev tikib satırdılar. İndi isə çıxarışsız torpaqlara tələbat azalıb. Çıxarışlı torpaqlar isə baha olduğundan bu satış üsul sərf etmir. Çıxarışlı evləri kreditlə aylara da bölürlər. Bu da öz növbəsində tələbata təsir edir. Bina evləri isə əlçatan deyil”.

Elnur Fərzəliyevin sözlərinə görə, həyət evlərinə tələbatın artması qiymətlərə də təsirini göstərib.

Ekspert bildirib ki, 2023-cü ildən başlayan qiymət artımı hələ də davam edir:

"Fərdi həyət evləri Abşeron ərazisində 25-30 min manatdan başlayır. Mərkəzə yaxınlaşdıqca qiymətlər qalxır. Maddi durumu aşağı olan insanlar isə nisbətən uzaq yerlərdən ev almağa üstünlük verirlər. Əsasən, ucuz torpaq sahələri Zirə, Pirallahı, Türkan, Güzdək, Fatmayı tərəflərdədir. Binəqədi, Biləcəri, Zabrat, Ramana isə artıq elə də ucuz ərazilər sayılmır. Bu ərazilərdə infrastrukturu olan və yola yaxın evlər də bahalaşıb”.

Digər xəbərlər