Son illərdə Azərbaycanda gül satışı sahəsində xeyli artım hiss olunur. Artıq bir çox növ güllərin ölkəmizdə istehsalı və satışı həyata keçirilir. Bəs ölkəmizin gül ticarəti ilə bağlı əlaqələri necədir? Yerli məhsullar bazarı tam təmin edir?
Mövzu ilə bağlı Gül İstehsalçıları, İdxalçıları və İxracatçıları Assosiasiyasının sədri Cavid Axundov "Operativ Media"ya bildirib ki, ölkəmizə xarici ölkələrdən idxal prosesi davam etməkdədir:
"Bazar araşdırmalarına əsasən deyə bilərəm ki, bu ilin əvvəlində ölkəyə idxal olunan güllərdə bir qədər artım müşahidə olunur. Demək olar, 1 milyondan çox gül idxal olunub. Lakin Azərbaycandan ilin əvvəllindən bəri heç bir ixrac olunmayıb. Güllərin ən çox idxal olunduğu ölkələr Latın Amerikası, Afrika, Avropa ölkələri, Ekvador, Kolumbiya, Keniya, Efiopiya və Hollaniyadır. Onların arasında Ekvador ən çox idxal olunan ölkə hesab olunur".
C.Axundov ən çox idxal olunan gül növlərindən də danışıb:
"Birinci yerdə ənənəvi olaraq qızılgüldür. Daha sonra tülpan, qortenziya və xrizantema güllərini sadalamaq olar. təxminən 85-90 faiz qızılgül idxal olunur, qortenziya və xrzantema isə çox sayca azlıq təşkil edir. Həmçinin idxal olunan qızılgüllərin qiyməti də aşağı düşüb. Buna baxmayaraq, keçən illərər nisbətən bu il ölkə ərazisindəki pərakəndə satış mərkəzlərində durğunluq hiss olunur, özəl günlərdə, bayramlarda satış elə də çox olmayıb".
Sevinc İbrahimzadə






