Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin tam modernləşdirilməsi və buraxılış gücünün 5 milyon tona çatdırılması istiqamətində görülən işlərin 95 %-ə qədəri artıq başa çatdırılıb.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qarşıdakı iki ay ərzində layihə işlərinin tam başa çatdırılması nəzərdə tutulub.
"Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ötən ilin əvvəllərindən BTQ-nin modernləşdirilməsi və layihə tutumunun genişləndirilməsi üzrə işlərə başlanılıb", - ADY rəhbəri bildirib.
R.Rüstəmov əlavə edib ki, layihə 5 mərhələdən ibarət olub və artıq onun 3 mərhələsi başa çatdırılıb: "Bununla bağlı Gürcüstan hökuməti tərəfindən müvafiq təsdiqedici sənədlər alınıb. Son olaraq Axalkalaki stansiyası üzrə sonuncu mərhələdə işlər başa çatmaq üzrədir. Qalan işlərin də 2 ay ərzində başa çatdırılması nəzərdə tutulub".
Bildirilib ki, Orta Dəhlizin ən önəmli hissələrindən birini təşkil edən BTQ Çindən Avropaya, eləcə də əks istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaradır.
"BTQ dəmir yolu xəttinin qarşıdakı aylarda istifadəyə veriləcəyi andan etibarən, bu marşrutla kifayət qədər böyük həcmdə Avropa və Çin yüklərinin gətirilməsi üzərində çalışmalar aparılır.
Bu yolun ölkəmizə gətirəcəyi ən böyük faydalardan biri məhz tranzit yüklərin həcminin artırılmasından ibarət olacaq", - deyə R.Rüstəmov vurğulayıb.