Hər il dünyada 15 milyon insan insult keçirir, bunlardan 5 milyonu ölüm ilə nəticələnir. İnsult keçirən insanların təxminən 30%-i sonrakı bir ildə daimi əlil olur, 20%-i isə sosial həyatında ciddi çətinliklərlə üzləşir.
İnsult necə baş verir? İnsultun qarşısını almaq üçün nə etmək olar?
Həkim-nevroloq Qabil Əsədov mövzu ilə bağlı "Operativ Media"nın suallarını cavablandırıb:
- İnsult Nədir?
- İnsult, beyin qan dövranının kəskin pozulmasıdır. İki əsas tipi fərqləndirilir: işemik və hemorragik.
-
İşemik insult: Qan təchizatının çatışmazlığı nəticəsində beynin ocaqlı zədələnməsi ilə yaranır. Bu, 24 saatdan çox davam edən və ya bir sutka ərzində ölümə səbəb ola biləcək nevroloji simptomların kəskin inkişafı ilə xarakterizə olunur.
-
Hemorragik insult: Serebral arteriyanın travmatik olmayan partlaması nəticəsində baş verir. Bu, qan kəllə boşluğuna axaraq beyin qan dövranını kəskin şəkildə pozur.
İnsult, yaşlı əhali arasında əlilliyin aparıcı səbəbi və ölümün əsas səbəblərindən biridir. Bu problem səhiyyənin vacib məsələlərindən biri olaraq qalır.
- İnsult ehtimalını artıran amillər nələrdir?
- İnsult riskini artıran faktorlar bunlardır:
- Yaş faktoru (45-60 yaş və daha yuxarı)
- İrsiyyət (yaxın qohumlarda insult halları)
- Hipertoniya xəstəliyi
- Siqaret çəkmə
- Alkoqol istifadəsi
- Piylənmə
- Xolesterinin yüksək səviyyəsi, ateroskleroz
- Şəkərli diabet
- Ürək-damar xəstəlikləri
- Fiziki fəallığın az olması
Bu amillərdən hər hansı biri sizdə varsa, mütləq həkimə müraciət edin.
- İnsultun ilk simptomları hansılardır?
- İnsultun ilk simptomları aşağıdakılardır:
- Bədənin hər hansısa bir hissəsində (sifət, əl, ayaq) əzələ zəifliyi
- Qəfildən görmənin zəifləməsi və ya tamamilə yox olması
- Danışma qabiliyyətinin pozulması
- Baş gicəllənməsi, ayağa dura bilməmək
- Qəfildən güclü başağrısı
- Arterial təzyiqin düşməsi
- Sifətin qırmızı rəngə çalması, əllərin əsməsi, nəfəs alma çətinliyi, hərarətin yüksəlməsi
- Udma qabiliyyətinin pozulması
- Qıcolma tutmaları
- Şüur pozulması
- İnsultun növləri hansılardır?
İnsultun iki növü vardır:
-
İşemik insult (beyinin infaktı): 24 saatdan çox davam edən, nevroloji simptomların inkişafı ilə xarakterizə olunan xəstəlikdir.
-
Hemorragik insult (beyindaxili qansızma): Beyin arteriyasının travmatik olmayan partlaması nəticəsində baş verir və bu zaman beyin qan dövranı kəskin şəkildə pozulur.
- İnsultun qarşısını almaq üçün nə etmək olar?
- İnsultun qarşısını almaq üçün aşağıdakı tədbirləri görmək lazımdır:
- Arterial təzyiqi gündə ən azı iki dəfə yoxlamaq.
- Siqaret çəkməyi tərgitmək.
- Spirtli içkilərdən imtina etmək.
- Yağlı yeməkləri az yemək və duzun miqdarını azaltmaq.
- Çəkini normada saxlamaq.
Bu tədbirlər insult riskini azaltmağa kömək edə bilər.