Menyu

Soyuq və külək astma xəstələrinə necə təsir edir?

Ayşən Sadıxzadə
Soyuq və külək astma xəstələrinə necə təsir edir?
2 dəq oxu

Havanın temperaturunun aşağı düşməsi və güclü külək astma xəstələri üçün müəyyən risklər yaradır. Soyuq hava, külək, toz və müxtəlif allergenlər tənəffüs yollarını qıcıqlandıraraq bronxların daralmasına, öskürək və nəfəs darlığına səbəb ola bilər.

Bu barədə Operativ Media-ya professor Adil Qeybulla danışıb.

O bildirib ki, xüsusilə bronxial astmadan əziyyət çəkən şəxslərin belə hava şəraitində daha diqqətli olması vacibdir:

“Bronxial astmanın yaranmasında əsasən iki faktor – infeksion və allergik amillər rol oynayır. Lakin bəzi hallarda bu faktorlar eyni xəstədə qarışıq şəkildə müşahidə olunur. Belə ki, xəstədə həm infeksiyanın, həm də müxtəlif allergenlərin təsiri nəticəsində bronxospazm baş verə bilər. Toz, kəskin qoxular və hava temperaturunun aşağı düşməsi də bronxların spazmına səbəb olan amillərdəndir.

Küləkli havada soyuq havanın tənəffüs yollarına daxil olması astma xəstələri üçün əlavə risk yaradır. Belə havalarda danışaraq yerimək məsləhət deyil. Çünki bu zaman soyuq hava birbaşa traxeyaya və iri bronxlara daxil olur. Ona görə də soyuq havada maskadan istifadə etmək daha məqsədəuyğundur. Xüsusilə Bakı şəhərində tozdan və digər qıcıqlandırıcı amillərdən qorunmaq baxımından bu vacibdir.

Astma xəstələri bu məqamları nəzərə almalı və soyuq havada diqqətli olmalıdırlar. Düzdür, astma xəstələri maska taxarkən də müəyyən çətinliklərlə üzləşə bilirlər. Lakin həkimin təyin etdiyi dərmanları, o cümlədən bronxgenişləndirici preparatları qəbul etdikdən sonra maskadan istifadə edə bilərlər.

Ehtiyac olmadığı halda küləkli havada uzun müddət açıq ərazidə qalmaq, gəzmək və gözləmək məqsədəuyğun deyil. Bayıra çıxarkən başı örtmək, isti geyinmək, ağız və burun nahiyəsini maska, şərf və ya digər vasitələrlə qorumaq tövsiyə olunur. Eyni zamanda, tozlu havalarda da ehtiyatlı olmaq lazımdır.

Astma xəstələrində müxtəlif tozlar və kəskin qoxular bronxların qıcıqlanmasına, nəticədə bronxospazma səbəb ola bilər. Bu baxımdan belə hava şəraiti onların səhhətində problemlər yarada bilər. Hətta evdə olduqları zaman da bu cür təsirlərlə qarşılaşa bilərlər.

Hesab edirəm ki, astma xəstələri təyin olunmuş dərmanlarını hər zaman yanlarında saxlamalıdırlar. Onlar öz orqanizmlərini yaxşı tanıyır, hansı şəraitdə və hansı amillərin təsiri ilə vəziyyətlərinin pisləşdiyini təcrübədən bilirlər. Buna uyğun olaraq davranmalı və sağlamlıqlarını qorumaq üçün lazımi tədbirlər görməlidirlər”.

Əlaqəli Xəbərlər