Vətəndaşlar Sumqayıt-Abşeron rayonu və Şəfəq qəsəbəsi istiqamətində fəaliyyət göstərən 12A nömrəli marşrut xəttinin tez-tez yolda qaldığını bildirirlər. Sərnişinlər bu hadisənin dəfələrlə baş verdiyini bildiriblər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Operativ Media-nın sorğusuna cavab olaraq bildirib ki,12A nömrəli marşrut nəzarətə götürülüb:
"12A nömrəli marşrutun daşıyıcısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib və məsələ nəzarətə götürülüb".
AYNA regionlardakı daşıyıcı şirkətlərə köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulduğunu bildirib:
"Ümumilikdə isə, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır. Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən, o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur".