Əziz Əzizbəyli: Bu gün dünyada 60 milyona yaxın insan Azərbaycan dilində danışır
"Bir dil varsa onun tarixi var. O dildə danışan böyük bir toplum mövcuddur. Azərbaycan dilində danışanların sayı dünyada 60 milyona yaxındır".
Bu sözləri Operativ Media-ya Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O bildirib ki, Azərbaycan dilində danışan insanların təxminən 16 faizi Azərbaycan Respublikasında yaşayır: "Son 100 ildə Azərbaycan dili inkişaf yolunda böyük nailiyyətlər əldə etmişdir. 20-ci əsrdə Azərbaycan dilinin qrammatik qaydaları fundamental şəkildə işlənmiş və beynəlxalq dil standartlarına uyğunlaşdırılmışdır. Ədəbiyyatda Azərbaycan dili tez-tez poeziya dili kimi xarakterizə edilir.
Azərbaycan dilinin inkişafı onun mövcud olduğu dövlətin siyasi durumu ilə sıx bağlıdır. 1930-1960-cı illərdə Azərbaycan dilində çox möhtəşəm əsərlər yazılıb. Təbii ki şifahi xalq ədəbiyyatı da ana dilimizin möhtəşəm nümunələrinin yaranmasına səbəb olmuşdur.
Azərbaycan dilinin siyasi müstəqilliyinin əsasının qoyulduğu 1960-cı illər xüsusilə qeyd olunmalıdır. Hazırkı dilin milli köklərinin siyasi baxımdan formalaşması 1960-cı illərin sonlarına, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə aparılan milli siyasətlə bağlıdır. Azərbaycan SSR Konstitusiyasında da təsdiq olunmuşdu ki, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir. Bununla da ölkədə bu dilə ciddi investisiya qoyuldu. Nəticədə həm ideoloji, həm filoloji, həm də tarixi sahədə müstəqil Azərbaycanın yeni əsərlərinin meydana çıxmasına səbəb oldu.
Dünyada bir çox lokal dillər qloballaşmanın təsiri qarşısında tab gətirə bilmir. Lakin Azərbaycan dili feil və hərəkət əsaslı dildir. Buna görə də Azərbaycan dili varlığını əbədi olaraq qoruyub saxlayacaq".