Sosioloq: Bilik və bacarıqlar əmək bazarına uyğunlaşdırılmalıdır

İnsan həyatı boyunca müəyyən ehtiyaclara məruz qalır. Bu ehtiyacları ödəmək üçün isə maddi vəsaitə ehtiyac duyulur. Maddi vəsaiti əldə etmək üçün isə əsas şərtlərdən biri iş tapmaqdır. Demək olar ki, bu gün gənclərin böyük əksəriyyəti iş tapmaq problemi ilə çox üzləşirlər.
Aysun Qurbanova da iş tapmaqda çətinlik çəkən şəxslərdən biridir. O, qeyd edir ki, təhsili ilə yanaşı əmək fəaliyyəti ilə məşğul olmaq üçün bir çox müəssisəyə müraciət etsə də, onlardan sadəcə bir neçəsindən geri dönüş olub: “Bu günə qədər bir çox yerə iş üçün müraciət etmişəm. Demək olar ki, hamısı uğursuz olub. Geri dönüş olunan müəssisələrdən də məmnun qalmamışam. Tələbələrə part-time iş lazımdır. Əmək bazarında part-time iş elanları olsa da müəssisələrdə bu anlayış yoxdur. Müqavilənin şərtlərində part-time iş yazılsa da bu şərtlərə əməl edilmir”.
Belə bir vəziyyətlə qarşılaşan digər bir şəxs isə Zərifə Babayevadır. O, qeyd edir ki, bu günə qədər bir çox müəssisələrdə işləsə də, heç biri oxuduğu ixtisasa aid deyil. O, öz ixtisası üzrə bir çox yerə CV göndərdiyini, lakin geri dönüş olmadığını bildirir. O, ixtisası üzrə işləmək arzusundadır.
Mövzu haqqında sosioloq Üzeyir Şəfiyev öz fikirlərini Operativ Media-ya bildirib.
O, bildirib ki, dövlətin gənclərlə bağlı sosial paketi mövcuddur: “Gənclər ölkədə əhalinin 21-22 faizini təşkil edir. Gənclərlə bağlı dövlətin strategiyası var. İstər gənclərin işlə təmin olunması, istərsə də güzəştli mənzillərin əldə olunması ilə bağlı. Bu gün Azərbaycanda gənclərin işlə təmin olunması əsas müzakirə mövzularındandır. Statistikaya istinad etsək işsizlik 5,6 faizdir, gənclər arasında isə 11 faiz ətrafındadır”.
Sosioloq məsələnin həll yolunu belə göstərir:
“Gənclərin əmək bazarına uyğun ixtisas və peşələrə yiyələnməsi vacibdir. Bir sıra hallarda əmək bazarında mövcud olan vakansiyalar üzrə mütəxəssis çatışmazlığı olur. Əmək bazarı ilə təhsil müəssisələri arasında əlaqə olması mütləqdir. Yəni təhsil müəssisələri əmək bazarına uyğun mütəxəssislər hazırlamalıdır. Azərbaycanda hər il əmək bazarına 100 min işçi cəlb olunur və belə bir mühitdə gənclər çalışmalıdır ki, bu rəqabət mühitində tələbələr bilik və bacarıqlarını əmək bazarına uyğunlaşdırsın”.
Günay Nəcəfova