İlahiyyatçı: "Oruc tutmaq sadəcə ac və ya susuz qalmaq deyil"

"Martın 1-də dünyanın dörd bir tərəfində müsəlmanlar üçün 11 ayın sultanı sayılan Ramazan ayı başlayır. Ramazan ayı bir "məktəbdir". Hikməti və sirri vardır. Hər kəs öz bilik səviyyəsinə görə bu ayı anlamağa çalışır. Ramazan ayı başqalarını da düşünmək, onları anlamaq üçün gözəl bir fürsətdir".
Bu sözləri Operativ Media-ya açıqlamasında İlahiyyatçı Ağa Hacıbəyli deyib.
İlahiyyatçı bildirib ki, insan bu ayda özünə, ailəsinə, yaxınlarına vaxt ayıra bilir: "Oruc tutmaq sadəcə ac və ya susuz qalmaq deyil. Əslində bir damla suyun dəyərini bilmək, yeməyin qiymətini anlamaqdır. Yoxluğun nə demək olduğunu anlamaqdır. Ramazan ayında sədəqə və zəkat veriməsidə məhs bununla bağlıdır. Belə ki, imkanı daha yaxşı olan insanlar, aşağı təbəqənin insanlarına yardım edirlər. Bu ay bizə bir-birimizin əlindən tutmağı öyrədir. Ramazan ayı əslində bizi insanlığın zirvəsinə dəvət edir. Ramazan ayı ilə biz kiçik dünyadan daha böyük aləmə səyahət edirik. Ruhumuzun qanadlandığı aydır. İnşallah hər kəs bu ayda özünü daha çox tərbiyə edə biləcək. Biz bir-birimizi bağışlamağı öyrənməliyik. Bir-birimizi bağışlayaq ki, Allah da bizi bağışlasın. Ramazan ayı insanları doğru yola çağıran aydır. Bilməliyik ki, əgər bir qurdum su insanın orucunu pozursa, haram yemək də insanın huzurunu pozar. Bu il Qarabağımızın dörd bir tərəfində də oruc tutulacaq, iftar süfrələri veriləcək. Bu da böyük bir qürur və zəfərdir".
Qeyd edək ki, İlk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.