Menyu

Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı DTX-də cinayət işi başlanılıb

Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı DTX-də cinayət işi başlanılıb

Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı DTX-də cinayət işi başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DTX mətbuat xidməti məlumat yayıb.

5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində yerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi ilə bağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlər həyata keçirilib.

İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, SOCAR Neft Emalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkin emal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğun təmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarına əməl edilməmişdir. Belə ki, növbə qəbulu zamanı nasosda mazut axınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumat verilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbə heyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borunun ağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədən təmir-bərpa qrupuna təhvil verilib.

Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədilə ayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altında sızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratması insanların həyat və sağlamlığına ciddi təhlükə doğurmuş, ilkin emal qurğusunun istismardan çıxarılmasına, ətrafda olan konstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğuların sıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalı prosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəb olub.

Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrinin aradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesi çərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emal qurğusunun borularında və qurğuda olan dizel məhsulunun boşaldılması zamanı təhlükəsizlik qaydaları pozulmuş, ərazidə qaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emal qurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılmış, bununla da təkrar yanğın təhlükəsi yaranmış, müəssisədə iş prosesi pozulmuş və maddi ziyan vurulub.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hümbət oğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

Teqlər:

"Neft Emal\u0131 Zavodunda ba\u015f vermi\u015f hadis\u0259 il\u0259 ba\u011fl\u0131 DTX-d\u0259 cinay\u0259t i\u015fi ba\u015flan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər