18 Mart 2025, 21:05
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Dövlət başçısı bildirib ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir.
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir şəkil
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir

"Vətənpərvərlik ruhunda, dövlətə, xalqa bağlı olan gəncləri yetişdirdik. Onlar 30 ildən sonra öz tarixi missiyalarını şərəflə yerinə yetirdilər və həm İkinci Qarabağ müharibəsi dövründə, həm də antiterror əməliyyatı dövründə böyük qəhrəmanlıq göstərmişlər".

Operativ Media xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 18-də Suqovuşanda inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində kənd sakinlərinə evlərin açarlarını təqdim edən zaman deyib.

Dövlət başçısı bildirib ki, indi bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir:

"İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib.

Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir. Siz də - bu bölgədə yaşamış insanlar, onların davamçıları yaxşı bilirsiniz ki, düşmən işğal dövründə elə güclü istehkamlar qurmuşdu ki, onları yarmaq həm qəhrəmanlıq, həm də peşəkarlıq tələb edirdi. Hətta bir çoxları əmin idi ki, biz heç vaxt o müdafiə xətlərini keçə bilməyəcəyik. Çünki relyef düşmənin xeyrinə işləyirdi, illər boyu qurduqları mühəndis istehkamları onların xeyrinə işləyirdi. Xarici qüvvələr, xarici ölkələr onların arxasında idi - ilk növbədə, guya bu məsələ ilə məşğul olmaq mandatını alan ATƏT-in Minsk qrupu. Onların əsas məqsədi bu münaqişəni əbədi etmək, torpaqlarımızı əbədi işğal altında saxlamaq, gözdən pərdə asmaq, bizim başımızı aldatmaq və sonsuz danışıqları aparmaqla bu reallığı bizə qəbul etdirmək idi.

Onların hər üçünün məqsədi bu idi, burada bunların üçü də bir amal uğrunda birləşmişdi. Halbuki bu ölkələrin arasındakı indiki münasibətlər göstərir ki, bu, çox nadir bir hal idi. Yəni, nəyi göstərirdi, hər üçü Ermənistanın arxasında idi, hər üçü müxtəlif yollarla Ermənistanı dəstəkləyirdi. Biri silah verirdi, biri siyasi dəstək verirdi, biri iqtisadi imtiyaz verirdi. Bax, biz buna qarşı mübarizə aparmışıq, buna qarşı müharibə aparmışıq.

İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər. İlyarım bundan əvvəl birgünlük antiterror əməliyyatı separatçılığın kökünü kəsdi, onunla da məsələ bitdi, onların kitabı bağlandı. Bu gün də biz bu gözəl bayramı burada qeyd edirik. Mən sizi təbrik edirəm. Burada xoşbəxt yaşayın. Siz buna layiqsiniz. Uzun illər əzab-əziyyət içərisində yaşamışınız, bundan sonra o əzab-əziyyət qaldı tarixdə".

Son xəbərlər
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə Ermənistanla normallaşmanı müzakirə edib - YENİLƏNİB1
İstanbulda yenidən zəlzələ olub
Gəncədə qadını maşın vurub
Erməni sərhədçisi odlu silahdan açılan atəşlə həlak olub - YENİLƏNİB
Azərbaycan PL: "Turan Tovuz" "Şamaxı" ilə bacarmadı
Zərərçəkmiş şəxs: Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər - MƏHKƏMƏ
XİN: Krım və bütün işğal olunmuş ərazilər Ukraynadır
Türkiyə və Rusiya Yaxın Şərq üzrə məsləhətləşmələri başa çatıb