Novruzda yumurta boyamaq nəyi simvolizə edir?

Novruz bayramı baharın gəlişini, təbiətin yenilənməsini və yeni ilin başlanğıcını qeyd edən ən qədim bayramlardan biridir. Azərbaycan və digər türk xalqları arasında geniş şəkildə qeyd olunan bu bayram əsrlərdir ki, xalqın mədəniyyətində, adət-ənənələrində və inanc sistemində mühüm yer tutur.
Novruz bayramının öz xüsusi adət ənənəsi və rəmzi məna daşıyan simvolik göstəriciləri var. Məhz bu simvolik məna daşıyıcılarından biri də boyanmış yumurtalardı.
Yumurtanı bu bayramın simvoluna çevirən nədir?
Mövzu ilə bağlı BDU-nun Azərbaycan şifahi Xalq ədəbiyyatı kafedrasının dosenti, folklorşünas Məhəmməd Məmmədov Operativ Media-ya açıqlama verib:
“Yumurta həyatın, canlılığın rəmzi hesab edilmiş, həyat mənbəyidir. Dünya xalqlarının mifologiyasında yumurta dünyanın yaradılışını, xaosdan kosmosun əmələ gəlməsini rəmzləndirir. İbtidai düşüncədə yumurta ulu Tanrının bəşəriyyətə bəxş etdiyi təbiətin 4 əsas ünsürü ilə əlaqələndirilir. Yumurtanın dairəviliyi və qabığı - torpağı, pərdəsi – havanı, ağı – suyu, sarısı isə odu simvollaşdırır”.
Bəs yumurta boyama adəti nə ilə əlaqəlidir?
Məhəmməd Məmmədov bildirib ki, yumurta boyamaq dirilmə ayini ilə əlaqədar yaranmışdır:
“Yumurtanı boyamaq adəti əcdadın və torpağın dirilməsi, canlanması, yəni oyanma – dirilmə ayini ilə birbaşa əlaqədar olan ən qədim təsəvvürlərlə bağlıdır. Suda bişirilən yumurtanın ağ rəngdə saxlanılması - qışı, yaşıl, göy rəngə boyanması - yazı, qırmızı rəngə boyanması – yayı, sarı rəngdə olması isə payızı rəmzləndirir. Qırmızı boyanmış yumurta ölüb-dirilmənin simvolu olub günəşin gəlişini, doğuluşunu simvollaşdırır. Novruz süfrəsindəki qırmızı boyanmış yumurta ölüb-dirilmə xarakterli bayram ayini ilə bağlıdır. Bayram süfrəsində yumurtanın mütləq şəkildə olması yeni dünyaya keçidi, canlanmanı, ölüb-dirilməni əks etdirir”.
Bayramı daha maraqlı və əyləncəli edən yumurta döyüşü haqqında da folklorşünasdan məlumat aldıq:
“Yumurta döyüşdürmə oyununda yumurtalar bir-birinə vurulur, sınan yumurta məğlub tərəf hesab edilir. Novruzla bağlı oyunların hamısında köhnə ilin məğlub edilərək yola salınması və yeni ilin qarşılanması əsasdır. Novruz təbiətin ölməsi və yenidən dirilməsidir. Tamaşa üçün əsas gülüş, oyun üçün əsas əlamət yarışdır. Yumurta döyüşdürmə 2 dünyanın – qışla yazın, soyuqla istiliyin, xaosla kosmosun mübarizəsini nümayiş etdirir. Novruz yaradılış bayramı olduğundan köhnə ilə yeninin mübarizəsini əks etdirir. Yumurta döyüşdürülməsində qalib gələn yumurta həyatı, yaradılışı, məğlub yumurta isə ölümü simvollaşdırır. Yeni həyatı qalib gəlmiş yumurta yarada bilər. Deməli, yumurta döyüşdürmə bayramın yaradılış fəlsəfəsini əks etdirir”.