Son sutkada Qəzzada ölənlərin sayı 77-yə çatıb
İsrailin Qəzza zolağında son 24 saat ərzində keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin ümumi sayı 77 nəfərə çatıb.
Operativ Media-nın məlumatına görə, bu haqda Qətərin Əl-Cəzirə telekanalı Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən xəbər verib.
Onun sözlərinə görə, Qəzzanın şimalındakı Cəbəliyyədə məcburi köçkünlərin məskunlaşdığı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin Yaxın Şərqdəki klinikasına edilən hücumda ölənlərin sayı 22 nəfərdir.
Daha əvvəl Səhiyyə Nazirliyi son 24 saat ərzində sektorda 24 nəfərin öldüyünü, 55 nəfərin yaralandığını bildirmişdi. Eyni zamanda departament qeyd edib ki, martın 18-də hərbi əməliyyatların bərpasından bu yana Qəzzada 1066 fələstinli ölüb, daha 2597 nəfər isə yaralanıb. 2023-cü ilin oktyabrından bəri anklavda qurbanların ümumi sayı 50 423 nəfərə çatıb, 114 638 nəfər yaralanıb.
Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoffun irəli sürdüyü təkliflərdən imtina etməsi ilə izah edib və bildirib ki, anklavdakı əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıblar.