Tramp administrasiyası ABŞ limanlarına gələn Çin istehsalı və ya bu ölkənin mülkiyyətində olan gəmilərə rüsum tətbiq olunacağını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Ticarət Nümayəndəsinin Ofisi (USTR) açıqlama yayıb.
Bildirilib ki, bu addım Çinin üstünlüyünü tədricən aradan qaldırmaq, ABŞ-nin təchizat zəncirinə olan təhdidlərin qarşısını almaq və ABŞ istehsalı olan gəmilərə tələbat siqnalı göndərmək məqsədi daşıyır.
“Tramp administrasiyasının atdığı addımlar Çinin üstünlüyünü tədricən aradan qaldıracaq, ABŞ-ın təchizat zəncirinə olan təhdidlərin qarşısını alacaq və ABŞ-da istehsal olunan gəmilərə tələbat siqnalı göndərəcək”, - deyə açıqlada qeyd olunub.
Yeni qərara əsasən, Çin istehsalı və mülkiyyətində olan gəmilər ABŞ-yə hər səfərinə görə xalis tonaj əsasında hesablanan rüsumlarla üzləşəcək. Rüsumun birinci mərhələsi 180 gündən sonra qüvvəyə minəcək.
Xaricdə istehsal olunmuş mayeləşdirilmiş təbii qaz (LNG) gəmilərini hədəf alan ikinci mərhələnin isə üç il ərzində həyata keçirilməsi planlaşdırılır.
Yeni elan edilən rüsumlara baxmayaraq Tramp açıqlamasında Çin mallarına əlavə tariflər tətbiq etmək istəmədiyini bildirib.
O, bunun iki ölkə arasındakı ticarətin dayanmasına səbəb ola biləcəyindən narahat olduğunu qeyd edib.






