Menyu

Mövsümi işçilərin ilboyu məşğulluğu necə təmin edilə bilər?

Ayşən Sadıxzadə
Mövsümi işçilərin ilboyu məşğulluğu necə təmin edilə bilər?
1 dəq oxu

Elə işlər var ki, mövsümi xarakter daşıyır və ilin müəyyən dövrlərini əhatə edir. Bu, yay və qış mövsümləri, yaxud yaz-yay və payız-qış dövrləri ola bilər. 

Bu sözləri Operativ Media-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib. 

O bildirib ki, yay aylarında mövsümi işlər əsasən aqrar sektorda məhsul yığımı, məhsul yetişdirilməsi və əkinlə bağlı olur. Qış mövsümündə də ayrıca mövsümi işlər mövcuddur. Məsələn, qazanxana işçiləri və bu sahədə çalışan digər şəxslər əsasən qış aylarında fəaliyyət göstərirlər:

“Lakin qanunvericilikdə bu sahə ilə bağlı müəyyən boşluqlar var. Belə ki, həmin şəxslərlə əmək müqaviləsi bağlandıqda, hər mövsümün sonunda müqaviləyə xitam verilir, növbəti mövsüm başlayanda isə onlar yenidən işə götürülürlər. Halbuki, belə olmamalıdır. Bu işçilərin hüquqi statusunun elə müəyyənləşdirilməsinə ehtiyac var ki, onlar daimi işçi kimi fəaliyyət göstərsinlər, lakin mövsümə uyğun işləyərək əməkhaqqı alsınlar.

Xüsusilə aqrar sektorda çalışan mövsümi işçilərin əmək müqaviləsi ilə işləməsi məsələsi də aktualdır. Bu şəxslər mövsüm ərzində qazandıqları vəsaiti ilin qalan dövründə də istifadə etmək üçün bölüşdürməlidirlər. Məsələn, məhsul yetişdirib satan və gəlir əldə edən şəxs həmin vəsaiti növbəti mövsümədək planlaşdıraraq xərcləməlidir. Ancaq qazanxanalarda çalışan işçilər üçün vəziyyət daha çətindir. Onlar mövsüm başa çatdıqdan sonra ya işsiz qalırlar, ya da dolanışıqlarını təmin etmək üçün alternativ iş axtarmalı olurlar.

Beləliklə, bu sahədə həm qanunvericilik, həm də praktika baxımından açıq qalan məsələlər çoxdur. Mövsümi işçilərin ilboyu sabit gəlir əldə edə bilməməsi onların sosial vəziyyətinə də təsir göstərir. Buna görə də həmin şəxslərin əmək hüquqlarının qorunması, məşğulluğunun davamlılığının təmin edilməsi və mövsümlərarası dövrdə üzləşdikləri sosial problemlərin həlli üçün müvafiq hüquqi mexanizmlərin hazırlanmasına ehtiyac var”.

Əlaqəli Xəbərlər