Aprel ayının sonralarında havaların şaxtalı keçməsi meyvə istehsalçılarını ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub.
Operativ Media xəbər verir ki, bunu Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov deyib.
Onun sözlərinə görə, aprel ayının ortalarında havaların kəskin dəyişməsi Xaçmazda, Qubada nəticəsində təsərrüfatda ciddi itkilər olub.
“Bu vəziyyət Şamaxı, Qusar, Balakəndə də meyvə istehsalçılarını çıxılmaz vəziyyətdə qoyub. Aprel ayında Aqrar Sığorta Fondunun sığortalı müştəriləri tərəfindən 13 milyon manatlıq zərərlə bağlı müraciətlər edilib. Ümumilikdə isə aqrar sığorta sistemi tərəfindən təminata alınmış fermerlərimiz tərəfindən ilin əvvəlindən tam və ya qismən zərərin olması barəsində 26 milyon manatlıq müraciətlər edilib”, - deyə Fuad Sadıqov vurğulayıb.
Fondun sədri həmçinin əlavə edib ki, аqrar sığorta sistemi elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyata alınmış əkin sahələrinin 98 faizini əhatə edə biləcək xidmətlərə malikdir: “Biz ölkədə əkilən hər 100 hektarın 8 faizində əkilən meyvələrin itkilərinin sığortalanmasını təmin edə bilərik. Son iki ildə sığorta fondu tərəfindən ödənişlərin həcmi 12 milyon manatı ötüb”.