ABŞ prezidenti Donald Tramp avqustun 18-də Ağ Evdə Alyaskada keçirilən Rusiya-Amerika sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunmuş çoxtərəfli görüş keçirib.
Operativ Media xəbər verir ki, Vaşinqtondakı danışıqlarda Böyük Britaniya, Almaniya, İtaliya, Finlandiya, Fransa liderləri, Avropa Komissiyasının rəhbəri, NATO-nun baş katibi və Ukrayna prezidenti Volodimir Zelenski iştirak edib. Ağ Ev tarixində ilk dəfə idi ki, bu qədər sayda Avropa liderini qəbul edib. Görüşdən əvvəl Tramp və Zelenski arasında təxminən bir saat davam edən təkbətək söhbət baş tutub.
Bundan başqa, ABŞ lideri Rusiya prezidenti Vladimir Putinə zəng edərək Ağ Evdə keçirilən çoxtərəfli danışıqların gedişi barədə məlumat verib. Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp və Putinin söhbəti təxminən 40 dəqiqə davam edib. Onlar Moskva və Kiyev arasında birbaşa danışıqların davam etdirilməsinin tərəfdarı olduqlarını və bu danışıqların səviyyəsinin yüksəldilməsi imkanlarını müzakirə ediblər.
Trampın mövqeyi
Danışıqlardan sonra ABŞ prezidenti bildirib ki, Putin Zelenski ilə “hələ təyin olunmayan yerdə” görüşə hazırlaşır. Onun sözlərinə görə, bu görüşdən sonra ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqlar davam edəcək. Tramp əlavə edib ki, Ağ Evdə keçirilən müzakirələrdə müxtəlif Avropa ölkələrinin ABŞ-la koordinasiyada Ukraynaya təqdim edəcəyi təhlükəsizlik təminatları da gündəmə gətirilib.
O qeyd edib ki, vitse-prezident C.D. Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiven Vitkoff Rusiya və Ukrayna ilə koordinasiya aparır. Tramp danışıqlar başlamazdan əvvəl də Putin və Zelenski ilə üçtərəfli görüşün keçirilməsinə əmin olduğunu vurğulamışdı. O, Avropa liderləri və Zelenski ilə söhbətində belə bir görüşün yalnız “zaman məsələsi” olduğunu bildirib.
Tramp Rusiyanın münaqişənin həllində maraqlı olduğuna inandığını deyib. Zelenski ilə görüşdən sonra isə o, Rusiyanın Ukraynaya qarşı yeni təcavüz ehtimalına inanmadığını qeyd edib. ABŞ prezidenti əlavə edib ki, sülh sazişi üzərində işləmək üçün atəşkəsə ehtiyac yoxdur: “Məncə, atəşkəs lazım deyil. Onlar döyüşə davam etsələr belə, biz razılaşma üzərində işləyə bilərik”.
Tramp həmçinin böhranın həlli üçün Rusiya və Ukrayna arasında mümkün ərazi mübadiləsinin müzakirəsini vacib adlandırıb: “Biz mövcud təmas xəttini nəzərə alaraq ərazi mübadiləsini də müzakirə etməliyik”. O, münaqişənin “bir-iki həftə ərzində həll oluna biləcəyini”, amma bunun “mümkün olmaya da biləcəyini” deyərək məsələnin mürəkkəbliyini etiraf edib.
Zelenskinin açıqlamaları
Trampla danışıqlardan sonra Zelenski bildirib ki, o, Putinlə ikitərəfli görüşə hazırdır: “Mən təsdiqlədim və bütün liderlər məni dəstəklədilər ki, biz Putinlə ikitərəfli görüşə hazırıq”. O, həmçinin Trampla üçtərəfli görüşə ümid etdiyini deyib.
Zelenskinin sözlərinə görə, ərazi məsələsi mümkün danışıqlarda gündəmə gətiriləcək, lakin atəşkəs bu görüş üçün şərt olmayacaq. O əlavə edib ki, üçtərəfli görüşdə bütün həssas məsələlər, o cümlədən ərazi məsələsi müzakirə ediləcək.
Ukrayna prezidentinin açıqlamasına görə, ölkəsi üçün təhlükəsizlik zəmanətləri 7–10 gün ərzində formalaşdırılacaq. Bu zəmanətlərin əsas komponentləri ordunun silahlandırılması, müttəfiqlərin öhdəlikləri və müdafiə sənayesinin inkişafı olacaq. Zelenski bildirib ki, hazırda təminatların dəqiq mexanizmlərini demək tezdir, çünki bəzi ölkələr qoşun göndərə bilməsə də, hava və dəniz müdafiəsində iştirak edə və ya maliyyə dəstəyi göstərə bilərlər.
O, danışıqlardan sonra əlavə edib ki, Kiyev ABŞ-dan 90 milyard dollar dəyərində silah, o cümlədən təyyarələr və hava hücumundan müdafiə sistemləri almağı təklif edib. Zelenskinin sözlərinə görə, bu paket təhlükəsizlik zəmanətlərinin ikinci əsas hissəsini təşkil edəcək. Ukrayna həmçinin ABŞ-dan pilotsuz uçuş aparatları istəyib, lakin dəqiq məbləği açıqlamayıb.
Zelenski Trampla görüşdə əlavə edib ki, səlahiyyət müddəti başa çatsa da (2024-cü il 20 may), Ukraynada seçkilərin keçirilməsinə açıqdır, lakin bu, yalnız atəşkəsdən sonra mümkün ola bilər.
Avropa liderlərinin və NATO baş katibinin rəyi
Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüş ideyasını alqışlayıb. Lakin o, Avropanın da iştirak etdiyi dördtərəfli görüşün keçirilməsinin vacibliyini vurğulayıb. Makronun sözlərinə görə, Ağ Evdə müzakirələrdə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi də gündəmdə olub.
Almaniya kansleri Fridrix Merz isə münaqişənin həlli üzrə növbəti mərhələyə keçid üçün Ukraynada atəşkəsin zəruri olduğunu bildirib. O, həmçinin qeyd edib ki, Tramp telefon danışığında Putinlə Zelenskinin iki həftə ərzində görüşməyə razılaşdığını açıqlayıb.
NATO-nun baş katibi Mark Rutte görüşdən sonra bildirib ki, Ukraynanın alyansa üzvlüyü “dönməz yol” üzərindədir, amma hələ gündəlikdə deyil. O, Ukraynaya ərazi güzəştləri məsələsinin müzakirə edilmədiyini, əvvəlcə təhlükəsizlik təminatlarının dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.
Böyük Britaniyanın baş naziri Keir Starmer isə Avropa və ABŞ-nin Ukraynaya təhlükəsizlik zəmanətləri ilə bağlı “real irəliləyiş” əldə edə biləcəyini deyib. Onun sözlərinə görə, bu zəmanətlər yalnız Ukrayna üçün deyil, həm də Avropa və Böyük Britaniyanın təhlükəsizliyi üçün əhəmiyyətlidir.
İtaliyanın baş naziri Corciya Meloni isə hamını Ukrayna böhranından çıxış yolu axtarışında birliyə çağırıb: “Biz hamımız ölkələrimizin təhlükəsizliyi üçün birlikdə sülhə zəmanət verməliyik”.
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Aİ və ABŞ-ın Ukrayna üçün “güclü təhlükəsizlik zəmanətləri” hazırlayacağını vurğulayıb. Finlandiya prezidenti Aleksandr Stubb isə bu zəmanətlərin təfərrüatlarının bir həftə ərzində formalaşdırıla biləcəyini bildirib.