İshaq Dar: Məkkə hərbi müqaviləsi heç bir ölkəyə qarşı yönəlməyib
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan üçtərəfli Məkkə Birgə Müdafiə Müqaviləsi yalnız müdafiə xarakteri daşıyır və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib.
Operativ Media xəbər verir ki, bunu Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar “X” sosial şəbəkəsində bildirib.
Onun sözlərinə görə, müqavilənin əsas məqsədi geniş regionda sülhün, sabitliyin və tərəqqinin təmin olunmasına yönəlmiş birgə səyləri gücləndirməkdir. İyulun 7-də Məkkədə imzalanan sənədə əsasən, üç ölkədən hər hansı birinə qarşı hücum digər iki dövlət tərəfindən də bütün tərəflərə qarşı təcavüz kimi qiymətləndiriləcək.
Dar bildirib ki, müqavilə müdafiə paktının əsas prinsiplərinə riayət etməyə və fikir ayrılıqlarını qarşılıqlı hörmət, əməkdaşlıq və dinc yollarla həll etməyə hazır olan region ölkələrinin qoşulması üçün açıqdır.
Nazir vurğulayıb ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, üç ölkədən hər hansı birinə kənardan silahlı hücum baş verərsə, bu, fərdi və kollektiv özünümüdafiə hüququ çərçivəsində bütün tərəflərə qarşı hücum hesab olunacaq.
İshaq Dar həmçinin qeyd edib ki, saziş Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının digər dövlətlər və təşkilatlarla mövcud ikitərəfli və çoxtərəfli müqavilələrini ləğv etmir və əvəz etmir.