Qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi ifşa edilib
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən ölkə ərazisində qanunsuz onlayn mərc və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir.
Kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş “Xbet” və “MostBet” platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub.
Bu barədə Operativ Media-ya Baş İdarədən məlumat verilib.
Həmin şəxslər “Telegram” platformasında yaratdıqları “AzeCash” səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Təqsirləndirilən şəxslər paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək həmin ünvanda işçilər yerləşdirib, onları qanunsuz fəaliyyət üçün zəruri olan texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin ediblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən dəstənin digər üzvləri – Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədovun da saxlanılmaları təmin edilib.
İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri “Xbet” və “MostBet” platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərimanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qətimkan tədbirləri seçilib.
Vətəndaşlara bir daha müraciət edərək sosial şəbəkələrdə və internet platformalarında təklif olunan “Xbet”, “MostBet” və digər qanunsuz mərc oyunlarında iştirak etməməyə çağırırıq. Nəzərə alınmalıdır ki, bu cür oyunların qanunsuz təşkili, idarə olunması, eləcə də həmin fəaliyyətlərdə iştirak qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət və ya inzibati məsuliyyət yaradır.