Bakının uzatdığı dostluq əli: İran-Azərbaycan əlaqələri necə dəyişir? - RƏY
"İran ətrafında baş verən gərgin hərbi-siyasi proseslər bir daha göstərir ki, İranın həqiqi dostlara və etibarlı müttəfiqlərə ehtiyacı var. Azərbaycan da 33 il ərzində müharibə şəraitində yaşayıb və sözün əsl mənasında, ölkəmizin də həqiqi dostlara və strateji müttəfiqlərə ehtiyacı olub".
Bu sözləri Operativ Media-ya deputat Hikmət Babaoğlu deyib.
O bildirib ki, Azərbaycan bu gün müharibə mərhələsini arxada qoymağı bacarıb və regionda sülh gündəliyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atır:
"Əlbəttə, biz arzu edirik ki, qonşu İranda da müharibə başa çatsın və İran-Azərbaycan münasibətləri daha da dərinləşsin. Təəssüf ki, İran-Azərbaycan münasibətləri müxtəlif mərhələlərdən keçib. Lakin bu gün, müharibə təcrübəsini yaşayan İran bir daha gördü ki, Azərbaycan daim onun yanındadır, İranın rifahını arzulayır və çətin günlərində qonşu ölkəyə öz dəstəyini göstərir.
Azərbaycan müharibə zamanı İrana yardım göstərməklə kifayətlənmədi, digər ölkələrdən göndərilən yardımların da çatdırılması üçün əlindən gələn imkanları səfərbər etdi. Bununla da Azərbaycan dost və qonşu İranın təhlükəsizliyinə və rifahına töhfə vermək istəyini bir daha nümayiş etdirdi.
Sevindirici haldır ki, Azərbaycanın bu dost və qonşu mövqeyi İran Prezidenti tərəfindən yüksək qiymətləndirilir. İran Prezidentinin Azərbaycanın mövqeyinə verdiyi yüksək qiymətə Azərbaycan Prezidentinin dərhal cavab verməsi, hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə keçməsi baxımından mühüm siyasi mesajdır.
Doğrudur, İranın siyasi və ideoloji sistemi bəzən bu istiqamətdə daha çevik addımlar atmağa hazır görünməyə bilər. Lakin dostluq və qonşuluq münasibətlərinin əhəmiyyəti xüsusilə sınaq günlərində daha aydın görünür. Bu məsələ həm Azərbaycanda, həm də İran ictimai rəyində aktualdır.
Azərbaycan artıq bir daha dostluq və qonşuluq əlini İrana uzadıb. Hesab edirəm ki, İrandakı rasional düşüncəli dairələr də bu reallığı nəzərə almalıdır. İran-Azərbaycan münasibətləri layiq olduğu səviyyəyə yüksəlməli və bu münasibətlər yeni strateji keyfiyyət qazanmalıdır.
Müharibələr tarixi göstərir ki, qonşuların və müttəfiqlərin çətin günlərdə göstərdiyi dəstək sonradan daha möhkəm strateji tərəfdaşlıqların əsasını yarada bilər. İki ölkənin prezidentləri arasında formalaşan bu yeni siyasi dialoq da İran və Azərbaycanın gələcəkdə daha yaxın strateji tərəfdaşlara çevrilməsi üçün mühüm siyasi və ideoloji xətt yarada bilər.
Bu isə, şübhəsiz ki, həm Azərbaycanın, həm də İranın maraqlarına cavab verən bir istiqamət olar”.
