"Tvente" - "Qarabağ" matçının vauçerləri satışa çıxarılır
UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Niderlandın "Tvente" klubu ilə qarşılaşacaq "Qarabağ"ın azarkeşləri üçün vauçerlərin satışı bu gündən başlayır.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "FC Tvente Stadion"da keçiriləcək görüşün biletlərinin əldə olunması üçün nəzərdə tutulan vauçerlər saat 17:00-dan etibarən "iTicket.az" platformasında onlayn şəkildə satışa çıxarılacaq. Bir vauçerin qiyməti 45 manat təşkil edir.
Alıcıların alış prosesində elektron poçt ünvanlarını düzgün daxil etmələri vacibdir, çünki oyun gününədək biletlər qeyd edilən e-mail ünvanlarına göndəriləcək. Qarşılaşmanı arenadan izləmək istəyən azarkeşlər üçün 1500 yer ayrılıb və 325-ci ilə 326-cı sektorlara giriş "Gate X" qapısı vasitəsilə həyata keçiriləcək. Stadiona daxil olarkən biletlə yanaşı şəxsiyyəti təsdiq edən sənədin də daşınması mütləqdir. Qeyd edək ki, avqustun 20-də baş tutacaq matç Bakı vaxtı ilə 22:00-da, Niderland saatı ilə isə 20:00-da start götürəcək.