Marketlərin rəflərində müxtəlif növ pomidorlar mövcuddur. Hazırda pomidorun ortalama qiyməti 3–4 AZN arasında dəyişir.
Lakin çəhrayı pomidor digər pomidor növlərinə nisbətən daha yüksək qiymətə – 7,50 AZN-ə təklif olunur.
Bəs bu pamidorun qiymətinin digərlərindən baha olmasının səbəbi nədir?
Mövzu ilə bağlı Operativ Media-ya iqtisadçı ekspert Akif Nəsirli danışıb.
O bildirib ki, çəhrayı pomidorun digər növlərdən baha olmasının bir neçə əsas səbəbi var:
"Çəhrayı pomidor bazarda geniş yayılmayıb. Onun toxumları daha az əkilir, məhsuldarlığı isə adi qırmızı pomidor sortlarına nisbətən aşağıdır. Təklif az, tələb isə yüksək olduğuna görə qiyməti yüksək olur. Çəhrayı pomidor şirinliyi, yumşaq lət quruluşu və incə qabığı ilə seçilir. İstehlakçılar onu daha ləzzətli hesab edir və “premium məhsul” kimi qiymətləndirirlər. Bu da əlavə dəyər yaradır."
Onun sözlərinə görə, bu sort daha çox qulluq tələb edir: "Çəhrayı pomidor temperatur, torpaq və su balansına həssasdır. Tez xarab olduğu üçün daşınması və saxlanması çətindir. Yəni fermerin riski və xərci çox olur, nəticədə qiymət artır.
Restoranlar və otellər, xüsusən də yüksək keyfiyyətli salatlar və xüsusi yeməklər üçün bu növə üstünlük verirlər".
✍️ Ayşən Sadıxzadə