İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib: 2 nəfər ölüb- YENİLƏNİB

Şəfa Hüseynli
İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib: 2 nəfər ölüb- YENİLƏNİB

Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media-ya bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Rəşad Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi “BMW” markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü – Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


***

20:44

İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "BMW" və “MERCEDES” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "BMW" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Digər xəbərlər