"Son illərdə daşınmaz əmlak bazarında, xüsusilə də qarajların qiymətlərində nəzərəçarpan bahalaşma müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu proses bir sıra iqtisadi və sosial amillərlə bağlıdır".
Bu sözləri Operativ Media-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.
O bildirib ki, ilk növbədə, ümumi inflyasiya fonunda tikinti materiallarının və daşınmaz əmlakın qiymətlərinin artması qaraj bazarına da təsir göstərir:
“Statistik göstəricilərə əsasən, qarajların orta qiyməti hər il təxminən 15 faiz bahalaşır. Bu artım həm ilkin satış bazarında, həm də təkrar satışlarda müşahidə olunur.
Digər tərəfdən, yaşayış komplekslərinin və yeni tikililərin çoxalması ilə əlaqədar olaraq qarajlara tələbat artır. Xüsusilə böyük şəhərlərdə, o cümlədən Bakıda əhalinin və avtomobillərin sayının çoxalması dayanacaq problemlərini aktuallaşdırır. Bu isə öz növbəsində qarajların dəyərini daha da yüksəldir.
Qiymət artımı yalnız ilkin satışlarda deyil, həm də təkrar bazarda özünü göstərir. Qarajların bir hissəsi tikinti şirkətləri tərəfindən, digər hissəsi isə fərdi vətəndaşlar tərəfindən satıldığı üçün qiymətlərdə vahid tənzimləmə mexanizmi mövcud deyil. Bu da bazarda süni bahalaşma hallarına yol aça bilər.
Bundan əlavə, bəzi hallarda saxlama və təhlükəsizlik şəraiti zəif olan qarajlarda problemlər yaşanır. Lakin buna baxmayaraq, avtomobil sahibi olmaq istəyən vətəndaşların çoxluğu tələbatı sabit saxlayır və qiymətləri aşağı salmır".
Ayşən Sadıxzadə