Bildiyimiz kimi, oktyabrın 18-də Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibə verdi. Dövlət başçımız bu müsahibədə Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı səviyyəsi, Türk dünyasında birliyin əhəmiyyəti və regional əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşdü.
Bu fikirləri Operativ Media açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr dərin tarixi və mədəni köklərə söykənir: “İki xalq əsrlər boyu dostluq və qarşılıqlı hörmət ruhunda yaşamış, bu gün isə həmin münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Azərbaycan və Qazaxıstanı birləşdirən yalnız siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq mədəni və mənəvi dəyərlərdir. Türk dünyasının iki əsas üzvü kimi, hər iki ölkə regional inteqrasiya proseslərinə fəal töhfə verir. Ölkə başçımızın da müsahibə zamanı qeyd etdiyi kimi, Azərbaycan-Qazaxıstan münasibətləri qardaşlıq, etimad və səmimiyyət modeli kimi digər dövlətlər üçün də nümunə ola bilər. Bu müsahibə təkcə iki ölkə arasındakı əlaqələrin növbəti mərhələsini təsdiqləmir, həm də Türk dünyasının birliyinə, iqtisadi inteqrasiyaya və siyasi həmrəyliyə xidmət edən strateji mesaj daşıyır.
Dövlət başçımız məhz buna görə Türk Dövlətləri Təşkilatının fəaliyyətini xüsusi vurğulayaraq qeyd etdi ki, bu təşkilat üzv ölkələr arasında həmrəyliyin, iqtisadi əməkdaşlığın və mədəni əlaqələrin güclənməsi üçün mühüm platformadır.
Müsahibəsində Prezident İlham Əliyev Xəzər dənizi regionunda əməkdaşlığın əhəmiyyətinə də toxunaraq, Xəzərin enerji, nəqliyyat və ekoloji sahələrdə əməkdaşlıq üçün strateji mərkəz olduğunu, Azərbaycan və Qazaxıstanın bu istiqamətdə birgə layihələrin icrasını davam etdirəcəyini və yeni təşəbbüslərlə çıxış edəcəyini söylədi”.