Menyu

Əl titrəməsi niyə baş verir? - Həkim danışır

Ayşən Sadıxzadə
Əl titrəməsi niyə baş verir? - Həkim danışır

"Əl titrəməsinin elmi adı tremordur. Tremor müxtəlif səbəblərdən – həm fizioloji hallarda, həm də patoloji vəziyyətlərdə yarana bilər".

Bu barədə Operativ Media-ya nevroloq Röyanə Quluzadə məlumat verib.

O bildirib ki, fizioloji əl tremoruna həyəcan və qorxu zamanı yaranan titrəmə misal ola bilər:

"İnsan həyəcanlananda və ya təşviş keçirdikdə əllərdə və bədəndə titrəmə baş verir və həyəcan keçdikdən sonra dayanır. Lakin əl titrəməsi bəzi xəstəliklər səbəbindən də meydana çıxa bilər. Cavan insanlarda titrəmənin əsas səbəbi irsidir və buna essensial tremor deyilir. Bu zaman ailə üzvlərində də bənzər titrəmə müşahidə olunur. Bundan əlavə, zob xəstəliyi – hipertireoz da xüsusilə cavan və orta yaşlı insanlarda əl əsməsinə səbəb olur. Yaşlılarda isə əsas səbəb Parkinson xəstəliyidir və bu zaman titrəmə daha çox sakitlik halında müşahidə edilir. Həmçinin hərəkətlərin yavaşıması, yaddaşın zəifləməsi və nitq pozuntuları da bu xəstəliyə xasdır".

Rəna Abbasovanın sözlərinə görə, əl titrəməsi geniş yayılmış haldır və müxtəlif səbəblərlə bağlı ola bilər:

"Bəzi insanlarda spirtli içki qəbulu, stress və yorğunluq titrəməni daha da artırır. Titrəmənin səbəbini dəqiq müəyyən etmək üçün pasiyentin yaşı, həyat tərzi, keçirdiyi xəstəliklər və titrəmənin nə zaman başladığı kimi məlumatlar vacibdir.

Əl titrəməsinə səbəb ola biləcək amillərə neyroloji xəstəliklər (Parkinson, epilepsiya, beyin damar xəstəlikləri, dağınıq skleroz, beyin travmaları), B qrup vitamin çatışmazlığı, müəyyən dərmanların təsiri, qalxanabənzər vəzin həddindən artıq işləməsi (hipertireoz) və spirtli içkidən istifadə və ya onun qəfil kəsilməsi daxildir. Bəzən titrəmə heç bir xəstəlik olmadan, idiopatik tremor şəklində də müşahidə oluna bilər.

Hərəkətlərin zəifləməsi, nitq dəyişiklikləri, yeriş pozğunluğu, əllərdə və ayaqlarda uyuşma və gücsüzlük kimi əlavə əlamətlər olduqda vəziyyət daha ciddi ola bilər və geniş müayinə tələb olunur. Uzun müddət davam edən və əlavə simptomlarla müşayiət olunan titrəmə halında nevroloqa müraciət edilməsi tövsiyə olunur".

Əlaqəli Xəbərlər