Menyu

MEDİA-nın 5 illik fəaliyyəti: Azərbaycan mediasında yeni mərhələ

Ayşən Sadıxzadə
MEDİA-nın 5 illik fəaliyyəti: Azərbaycan mediasında yeni mərhələ
Azərbaycanda media sahəsində aparılan islahatların mərkəzində dayanan əsas qurumlardan biri olan Medianın İnkişafı Agentliyi (MEDİA) artıq fəaliyyətinin beş ilini geridə qoyur. Bu müddət ərzində Agentliyin təşəbbüsü və koordinasiyası ilə media mühitində sistemli dəyişikliklər həyata keçirilib, “Media haqqında” Qanunun tətbiqi ilə hüquqi çərçivə formalaşdırılıb və peşəkarlığa əsaslanan yeni media modeli qurulmağa başlanıb. Media subyektləri üçün yaradılan müsabiqə mexanizmləri, ayrılan maliyyə dəstəyi, eləcə də jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədilə yerli və xarici peşəkar təlimçilərin cəlb olunduğu mütəmadi təlim və seminarlar Azərbaycanın media mühitinin sağlamlaşmasına və davamlı inkişafına mühüm töhfə verib. Bu beş il Azərbaycan mediasının keyfiyyət baxımından yeni mərhələyə keçidinin göstəricisi kimi dəyərləndirilə bilər.

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı və Mətbuat Şurasının sədr müavini, filologiya elmləri doktoru Vüqar Zifəroğlu Operativ Media-ya bildirib ki, Medianın İnkişafı Agentliyinin fəaliyyətə başlamasından ötən beş il ərzində Azərbaycanda media sahəsində institusional islahatlar, hüquqi çərçivənin təkmilləşdirilməsi və peşəkar jurnalistikanın təşviqi istiqamətində mühüm addımlar atılıb:
“Bu dövr ərzində Agentlik dövlət–media münasibətlərində yeni əməkdaşlıq modelinin formalaşmasına, media sektorunun davamlı inkişafına və informasiya mühitinin sağlamlaşdırılmasına əhəmiyyətli töhfələr verib.

MEDİA tərəfindən həyata keçirilən əsas istiqamətlərdən biri “Media haqqında” Qanunun tətbiqinin təmin olunmasıdır. Praktiki tətbiq mərhələsində qanun informasiya bazarında nizamsızlığın aradan qaldırılmasına, peşəkarlıq meyarlarının önə çəkilməsinə və ictimai etimadın artmasına müsbət təsir göstərib.

Agentliyin fəaliyyəti nəticəsində Azərbaycanda media mühitinin sağlamlaşması prosesi sürətlənib. Dezinformasiya və qeyri-peşəkar fəaliyyət hallarının qarşısının alınması, etik standartların təşviqi və keyfiyyətli məzmunun prioritetləşdirilməsi medianın cəmiyyət qarşısında məsuliyyətini artırıb. MEDİA eyni zamanda media subyektləri üçün müsabiqələrin keçirilməsi və maliyyə dəstəyinin ayrılması mexanizmlərini formalaşdıraraq sektorda iqtisadi dayanıqlığın gücləndirilməsinə töhfə verib. Layihə əsaslı maliyyələşmə medianın tematik ixtisaslaşmasını, regional medianın inkişafını və sosial əhəmiyyətli mövzuların işıqlandırılmasını stimullaşdırıb.

Bununla yanaşı, Agentlik media subyektlərinin nümayəndələri üçün yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə mütəmadi təlimlər və seminarlar təşkil edir. Bu tədbirlər jurnalistlərin peşə bacarıqlarının artırılmasına, rəqəmsal media alətlərinin mənimsənilməsinə, faktların yoxlanılmasına, münaqişə və həssas mövzuların işıqlandırılmasına yönəlib”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli isə qeyd edib ki, Medianın İnkişafı Agentliyi beş il ərzində çox mühüm və sistemli addımlar atıb:
“Medianın İnkişafı Agentliyi fəaliyyətə başladığı ilk gündən etibarən media mühitinin sağlamlaşdırılması, şəffaflığın artırılması və peşəkarlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparıb. Bu proseslərin nəticəsi olaraq bu gün artıq əminliklə demək olar ki, Azərbaycan mediası yeni mərhələyə qədəm qoyub.
Beş ilin sonunda “Azərbaycanda kim jurnalistdir?” sualına da aydın cavab formalaşıb. Artıq hər kəs özünü jurnalist və ya media subyekti adlandıra bilməz. Bu, media sahəsində aparılan islahatların bariz nəticəsi və göstəricisidir.

Eyni zamanda, “Media haqqında” Qanunun qəbul edilməsi, media reyestrinin yaradılması, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi və jurnalistlər üçün mütəmadi təlimlərin keçirilməsi Azərbaycan mediasını keyfiyyət baxımından tamamilə yeni mərhələyə çıxarıb. Bu addımlar medianın simasını dəyişib, onun inkişafını sürətləndirib.

Hesab edirəm ki, medianın inkişafı istiqamətində görülən işlər həqiqətən inqilabi xarakter daşıyır və proses bu gün də davam edir. Media subyektlərinə maliyyə dəstəyi, jurnalistlərin peşəkar inkişafı və aktual mövzular üzrə yerli və xarici təlimçilərin dəvət olunması göstərir ki, medianın əsas missiyası – Azərbaycan mediasının inkişafı, beynəlxalq media məkanına inteqrasiyası, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və cəmiyyətə düzgün, obyektiv, operativ məlumatların verilməsi – artıq uğurla icra olunur.

Bu gün dünyada informasiya mühiti sürətlə dəyişir, dezinformasiya və saxta xəbərlər getdikcə daha böyük təhlükəyə çevrilir. Belə bir şəraitdə media savadlılığının artırılması xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı həftəsinin keçirilməsi də məhz bu baxımdan olduqca vacib və vaxtında atılmış addımdır.
Media savadlılığı Azərbaycan cəmiyyətinə düzgün informasiyanın çatdırılması və yanlış məlumatların təsirindən qorunmaq baxımından ən mühüm istiqamətlərdən biridir. Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi təşəbbüslər qısa müddətdə bütün ölkə üzrə geniş yayıldı və cəmiyyət artıq bu prosesin fəal iştirakçısına çevrildi.

Düşünürəm ki, bu, beş il ərzində media sahəsində əldə olunan ən böyük uğurlardan biridir. Artıq Azərbaycan oxucusu saxta xəbərlə real informasiyanı ayırd edə, dezinformasiyanı tanıya bilir. Bu, media sahəsində aparılan islahatların cəmiyyətə verdiyi ən mühüm töhfələrdən biridir.

Hesab edirəm ki, bu proses davamlı olmalı və Azərbaycan cəmiyyəti media savadlılığı baxımından tam formalaşmış mərhələyə çatmalıdır.”

Millət vəkili Hikmət Məmmədovun sözlərinə görə, MEDİA-nın yaradılması milli mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir:
“Bu mərhələ həm maliyyə, texniki və innovativ imkanlar, həm də internet resurslarından istifadə baxımından əvvəlki dövrlərdən əsaslı şəkildə fərqlənir. Eyni zamanda, bu proses yazılı mətbuat tarixində baş verən fundamental dəyişikliklər və dönüş nöqtələri ilə birbaşa bağlıdır.

Bu gün gəlib çatdığımız nöqtədə aydın görünür ki, beş il əvvəl yaradılan MEDİA yalnız media–cəmiyyət münasibətlərinin inkişafı üçün yeni platformalar formalaşdırmaqla kifayətlənməyib, həm də yeni informasiya alətlərinin həm peşəkar, həm də ictimai əlaqələr baxımından inkişafını təmin edib. Bu son dərəcə vacib mərhələdir. Çünki informasiya cəmiyyəti artıq tamamilə yeni, fərqli və daha mürəkkəb inkişaf mərhələsinə daxil olur.

Bu istiqamətdə bir neçə əsas məqamı xüsusilə qeyd etmək lazımdır. İlk növbədə, hüquqi tənzimləmə sahəsində ciddi addımlar atılıb. Media haqqında qanunvericilik yenilənib, yeni qanun qəbul edilib və media–cəmiyyət münasibətlərinin hüquqi əsaslar üzərində qurulması üçün möhkəm hüquqi baza formalaşdırılıb.

İkinci mühüm məsələ media mühitinin idarə olunması və milli informasiya resurslarının informasiya cəmiyyətində aparıcı mövqeyinin təmin olunması ilə bağlıdır. İnformasiya suverenliyinin qorunması və milli informasiya məkanının ölkə sərhədləri daxilində dayanıqlığının təmin olunması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib və bu istiqamətdə əhəmiyyətli addımlar atılıb.

Eyni zamanda, reallığı da düzgün qiymətləndirmək lazımdır. Bu gün dünya miqyasında informasiya məkanında tam müstəqillikdən danışmaq mümkün deyil. Qlobal informasiya axınları bütün milli media məkanlarına ciddi təsir göstərir. Belə bir model nə Azərbaycanda, nə də dünyanın başqa ölkələrində tam formada mövcud deyil. Lakin bütün hallarda son beş il ərzində Azərbaycan mediası mühüm və nəzərəçarpacaq inkişaf yolu keçib.

Əsas məsələ ondan ibarətdir ki, biz media sahəsində mövcud olan ənənəvi dəyərləri qoruyub saxlayaraq onları müasir informasiya tələbləri ilə uzlaşdıra bilmişik. Məhz bu balans Azərbaycan mediasının gələcək inkişafı üçün sağlam və dayanıqlı zəmin yaradır".

Millət vəkili Ceyhun Məmmədov isə bildirib ki, son beş il ərzində qurumun fəaliyyətindəki əsas önəmli addımlardan biri media sahəsində ictimaiyyətin qəbulunun artırılması və aparılan təhlillər olmuşdur:

"Bugün dünyada informasiya sürətlə yayılır və bu şəraitdə mediayı gücləndirmək istiqamətində atılan addımların vacibliyi aydın görünür. Eyni zamanda maliyyə sisteminin şəffaflığı, media subyektlərinin inkişafı və digər əlaqədar məsələlər də diqqət mərkəzindədir.

Peşəkar təlimlərin təşkil olunması media nümayəndələrinin bilik və bacarıqlarının artırılmasına böyük töhfə verir. Bu təlimlər vasitəsilə dünya təcrübəsi öyrənilir və media sahəsində görülən işlər daha effektiv şəkildə həyata keçirilir. Nəticədə, bu proseslərin əhəmiyyəti açıq şəkildə müşahidə olunur.

Bütün bunlar göstərir ki, mediaya göstərilən diqqət və dəstək həm yerli, həm də qlobal səviyyədə proseslərin keyfiyyətini yüksəldir".

Əlaqəli Xəbərlər