Menyu

2025-ci ildə AZAL 4,16 milyon sərnişin daşıyıb

Operativ Media
2025-ci ildə AZAL 4,16 milyon sərnişin daşıyıb

2025-ci il ərzində Azərbaycanın aviasiya sektoru dayanıqlı inkişaf trayektoriyasını qoruyub saxlayıb, artan tranzit potensialı və beynəlxalq etimadın möhkəmlənməsi ilə xarakterizə olunub. Ölkənin hava məkanında 342 mindən çox uçuşa xidmət göstərilməsi, 2024-cü illə müqayisədə 10,5% artım qeydə alınması aviasiya infrastrukturunun etibarlılığını və regional nəqliyyat qovşağı kimi mövqeyinin gücləndiyini aydın şəkildə nümayiş etdirir.

Hava limanlarının mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, hava hərəkətinin ən intensiv dövrü yay aylarına təsadüf edib. 9 avqust 2025-ci il tarixində bir sutka ərzində 1 101 uçuşun idarə edilməsi ilə tarixi rekord qeydə alınıb.

İl ərzində uçuşların 76%-ni – 261 mindən çoxunu tranzit reyslər təşkil edib. Tranzit uçuşlarda təxminən 14%-lik artım qeydə alınıb. Azərbaycan hava məkanından tranzit istifadə edən aparıcı qlobal aviaşirkətlər sırasında “Turkish Airlines”, “Singapore Airlines”, “Cathay Pacific”, “Thai Airways” və “Lufthansa” yer alıb.

2025-ci il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportunda 7 milyon 640 mindən çox sərnişinə xidmət göstərilib. 

Beynəlxalq istiqamətlər üzrə daşınan sərnişinlərin sayı 6 milyon 895 min olub. Bu həcmin 51,2%-i xarici aviaşirkətlərin, 3 milyon 362 min sərnişin isə milli aviadaşıyıcının payına düşüb.

İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilən istiqamətlər İstanbul, Tbilisi, Dubay, Ankara və Moskva olub.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da 2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən 30% artım deməkdir. 

2025-ci ildə AZAL aviaşirkəti tərəfindən 4,16 milyon sərnişin daşınıb. Bakı – Naxçıvan istiqamətində isə sərnişinlərin sayı 735 min təşkil edib. Sərnişin dövriyyəsində 2%-lik artım qeydə alındığı halda bu marşrut üzrə icra olunan uçuşların sayı 6% artaraq 7 min 261 uçuşa çatıb. 

2025-ci il Azərbaycanın aviasiya tarixində mühüm strateji mərhələ kimi də yadda qalıb. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan üçüncü beynəlxalq aeroport – Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib. Bu layihə regionun sosial-iqtisadi inkişafına, eləcə də ölkənin aviasiya xəritəsində Qarabağın mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verir.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu 2025-ci ildə növbəti dəfə “Skytrax World Airport Awards” çərçivəsində “Mərkəzi Asiya və MDB-nin ən yaxşı hava limanı” adına layiq görülərək regionun lider hava limanı statusunu bir daha təsdiqləyib. Hava limanı, həmçinin “Airport Carbon Accreditation (ACA)” proqramı üzrə 3-cü səviyyə akkreditasiya əldə edib, “ACI World” tərəfindən həyata keçirilən “Airport Service Quality (ASQ)” proqramında iştirak etməyə başlayıb və “APEX in Safety” təhlükəsizlik qiymətləndirməsindən uğurla keçib.

Bu dövrdə “Azəraeronaviqasiya” Hava Hərəkatı İdarəsi (AZANS) beynəlxalq platformalarda mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib. Qurum CANSO ANSP Sammiti və “Airspace World 2025” tədbirində iştirak edib, Böyük Britaniyanın NATS təşkilatı ilə strateji əməkdaşlıq qurub, ICAO və digər aparıcı beynəlxalq ANSP-lərlə tərəfdaşlıq əlaqələrini genişləndirib. AZANS, həmçinin “ATM Awards 2024” mükafatı çərçivəsində “Collaboration and Community” nominasiyası üzrə qalib elan olunub.

Beləliklə, 2025-ci ilin nəticələri Azərbaycanın aviasiya sektorunun beynəlxalq inteqrasiya, təhlükəsizlik və strateji liderlik istiqamətində ardıcıl və sistemli şəkildə inkişaf etdiyini bir daha təsdiqləyir.

Əlaqəli Xəbərlər