Menyu

Süni intellekt və müəlliflik hüquqları: məsuliyyət kimin üzərinə düşür?

Ayşən Sadıxzadə
Süni intellekt və müəlliflik hüquqları: məsuliyyət kimin üzərinə düşür?
Süni intellekt texnologiyalarının musiqi, səs və mətn sahəsində sürətlə yayılması müəlliflik hüquqları ilə bağlı ciddi hüquqi mübahisələr yaradıb. Xüsusilə tanınmış ifaçıların səsinin imitasiya olunması, mövcud musiqi və mətnlərin süni intellekt vasitəsilə yenidən yaradılması cəmiyyətdə suallar doğurur: bu cür hallarda məsuliyyəti kim daşıyır?

Mövzu ilə bağlı Operativ Media-ya açıqlama verən vəkil Turan Abdullazadə bildirib ki, mövcud hüquqi çərçivədə süni intellekt müstəqil hüquq subyekti hesab edilmir.

Onun sözlərinə görə, nə Azərbaycan qanunvericiliyində, nə də beynəlxalq hüquqda süni intellekt fiziki və ya hüquqi şəxs kimi tanınır. Bu səbəbdən də süni intellektin özünün cinayət, inzibati və ya mülki məsuliyyət daşıması mümkün deyil. Hüquqi nəticələr hər zaman konkret insanlara və ya hüquqi şəxslərə yönəlir.

Vəkil qeyd edib ki, əgər süni intellekt vasitəsilə səsləndirilən mahnı və ya yaradılan əsər müəllifin və ya ifaçının icazəsi olmadan istifadə edilirsə, bu artıq “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun pozuntusu sayılır. Bu zaman əsərin süni intellekt tərəfindən imitasiya olunması və ya birbaşa kopyalanması həlledici amil deyil. Əsas məsələ müəllifə məxsus olan əsərin və ya ifanın icazəsiz şəkildə istifadəsidir.

Turan Abdullazadənin sözlərinə görə, belə hallarda əsas məsuliyyət süni intellekt sisteminə tapşırıq verən və ondan istifadə edən şəxsin üzərinə düşür. Çünki konkret əsərin yaradılması, yayılması və ya istifadəsi ilə bağlı qərarı verən məhz həmin şəxsdir. Hüquq pozuntusu da onun iradəsi və təşəbbüsü nəticəsində baş verir. Bu baxımdan, birbaşa hüquq pozuntusunun subyekti süni intellekt deyil, onu idarə edən və nəticədən faydalanan şəxs hesab olunur.

Vəkil əlavə edib ki, süni intellekt texnologiyalarının inkişafı gələcəkdə qanunvericilikdə yeni yanaşmaların formalaşmasına səbəb ola bilər. Lakin hazırki mərhələdə hüquqi məsuliyyətin insan faktoruna bağlanması əsas prinsip olaraq qalır. Bu da o deməkdir ki, süni intellektdən istifadə edən şəxslər müəlliflik hüquqlarına daha həssas yanaşmalıdırlar.

Əlaqəli Xəbərlər