Menyu

Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar - YENİLƏNİB

Şəfa Hüseynli
Məktəblilərarası Milli Hakaton – 2025-in qalibləri mükafatlandırılıblar - YENİLƏNİB

Elm və Təhsil Nazirliyinin dəstəyi və “Alqoritmika” beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə keçirilən Məktəblilərarası Milli Hakaton – 2025 müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

Operativ Media xəbər verir ki, tədbirdə açılış nitqi ilə çıxış edən Məkəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyət təminatı və nəzarət şöbəsinin müdiri Nilüfər Rəhimova bildirib ki, bu il hakatonun olimpiada mərhələsinin mərkəzləşdirilmiş imtahan formatında təşkili yenilik olub. Bu yanaşma şagirdlərin bilik və bacarıqlarının bütün bölgələrdə eyni meyarlarla qiymətləndirilməsinə və nəticələrin obyektivliyinin artırılmasına şərait yaradıb.

Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı sahəsində aparılan işlərlə bağlı məlumat verib. Nazir müavini bildirib ki, məktəblərdə rəqəmsal infrastruktur gücləndirilib, internet təminatı isə əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Hazırda ölkə üzrə 175 mərkəzdə kompüter əsaslı imtahan keçirmək imkanı mövcuddur. 

Çıxışlardan sonra hakatonun gedişatını əks etdirən videoicmal nümayiş olunub.

Sonra müxtəlif kateqoriyalar üzrə yarışların qaliblərinə mükafatlar təqdim olunub.  

Mükafatlandırma mərasimi bədii proqramla yekunlaşıb. 

Sonda tədbir iştirakçıları üçün komandaların layihələri ilə tanışlıq məqsədilə infotur da təşkil edilib. 

Qeyd edək ki, müsabiqəyə ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb. Onlardan 300 məktəbli final mərhələsində iştirak edib. Finalda komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə hazırladıqları veb-sayt, mobil tətbiq və oyun formatlı layihələrlə çıxış ediblər.

Məktəblilərarası Milli Hakaton – 2025-in əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, yaradıcı və istedadlı şagirdləri üzə çıxarmaq, eləcə də onların gələcək inkişaf imkanlarını genişləndirməkdir.


***

11:11

Məktəblilərarası Milli Hakaton – 2025 Elm və Təhsil Nazirliyinin dəstəyi, "Alqoritmika" beynəlxalq proqramlaşdırma və riyaziyyat məktəbinin təşkilatçılığı ilə həyata keçirilir.

Operativ Media xəbər verir ki, bu layihə minlərlə məktəblini innovasiya və texnologiya ətrafında bir araya gətirərək şagirdlərdə innovativ düşüncə tərzinin formalaşdırılması, komandada işləmək bacarığının və rəqəmsal kompetensiyaların inkişaf etdirilməsini hədəfləyir. Yarışa ölkənin 63 regionundan 350 mindən çox məktəbli qatılıb.

Onlardan yalnız 300 nəfər final mərhələsinə vəsiqə qazanaraq öz layihələrini təqdim etmək imkanı əldə edib.

Final mərhələsi 28–30 noyabr tarixlərində baş tutub. Bu mərhələdə komandalar turizm, ekologiya, maliyyə, mədəniyyət və incəsənət sahələri üzrə layihələr hazırlayaraq veb-saytlar, mobil tətbiqlər və oyunlar formasında münsiflər heyətinə təqdim ediblər.

Yarışın sonunda 6 qalib komanda müəyyən olunub. Qaliblərin mükafatlandırılması mərasimi 1 dekabr tarixində Heydər Əliyev Mərkəzində keçirilir.

Tədbirdə 1-ci, 2-ci və 3-cü yerləri tutan komandalar hədiyyə və sertifikatlarla təltif olunacaq. Digər finalçı komandalar isə iştirak sertifikatları ilə mükafatlandırılacaq.

Qeyd edək ki, bu müsabiqənin əsas məqsədi məktəblilər arasında proqramlaşdırma və rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, onların İT sahəsində biliklərini artırmaq və istedadlı şagirdlər üçün gələcək inkişaf imkanları yaratmaqdır.

Əlaqəli Xəbərlər