Milli Məclisdə müəllimlərin və alimlərin maaşlarının artırılmasını təklif edilib
Müəllimlərin, xüsusilə universitetlərdə çalışan pedaqoqların və alimlərin əməkhaqlarının artırılmasına ehtiyac var.
Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2027-ci ilin dövlət büdcəsi də sosialyönümlüdür və sosial müavinətlərlə təqaüdlərin artırılması nəzərdə tutulur. O, təhsil sahəsinə ayrılan vəsaitin artırılmasını müsbət qiymətləndirərək bu sahəyə diqqətin davam etdirilməsinin vacibliyini vurğulayıb.
C.Məmmədovun sözlərinə görə, məktəb və bağçalar yalnız təhsil müəssisələri deyil, həm də ideoloji mərkəzlər rolunu oynayır. Buna görə də həmin müəssisələrə münasibətdə əsas meyar yalnız qənaət deyil, ideoloji işin təşkili də olmalıdır.
Deputat ötən il bəzi məcburi köçkün məktəblərinin əhalinin köçürülməsi prosesi başa çatmadan bağlandığını və ya fəaliyyət göstərdikləri ərazilərin təhsil idarələrinə verildiyini xatırladaraq, bu məsələyə daha həssas yanaşılmasını istəyib.
O, bəzi universitetlərdə müəllimlərin əməkhaqlarının orta məktəb müəllimlərinin maaşından aşağı olduğunu, bu fərqin bəzən iki dəfəyə çatdığını qeyd edib və məsələyə baxılmasını təklif edib.
C.Məmmədov sertifikasiyadan keçən müəllimlərin maaşlarının artırılmasını müsbət addım kimi qiymətləndirsə də, qiymətləndirmə mexanizmində 10, 25 və 35 nisbətinin tətbiqini təklif edib. O, həmçinin sertifikasiyadan keçməyən müəllimlərin əməkhaqlarının da müəyyən qədər artırılmasının onlara dəstək olacağını bildirib.
Deputat elmi sahədə, xüsusilə Milli Elmlər Akademiyasında çalışanların maaşlarının artırılmasını, ən azı elmi dərəcələrə görə ödənilən məbləğlərin yüksəldilməsini təklif edib.
Ailə, qadın və uşaq məsələlərinə toxunan deputat boşanmaların artmasının qarşısının alınması və gənclərin ailə qurmağa təşviq edilməsi məqsədilə gənc ailələrə əlavə dəstək göstərilməsinin vacibliyini vurğulayıb. O, həmçinin uşaqların sağlam qidalanmasının təmin olunması istiqamətində addımların atılmasına çağırıb.
Aqrar sahə ilə bağlı təkliflərini də səsləndirən C.Məmmədov kənd təsərrüfatına verginin tətbiqi məsələsinə yenidən baxılmasını istəyib. Onun fikrincə, yeni dirçələn aqrar sektorda vergi tətbiqi sahənin inkişafına təsir göstərə bilər.
Deputat işğaldan azad edilmiş ərazilərə köçən əhalinin pay torpaqları ilə daha qısa müddətdə təmin olunması üçün əlavə dəstək tədbirlərinin hazırlanmasını da təklif edib.