Menyu

Müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahana qeydiyyat başlanıb

Operativ Media
Müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahana qeydiyyat başlanıb

Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün keçirilən test imtahanına qeydiyyat başlanıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Operativ Media -ya bildirilib ki, qeydiyyat prosesi 1 dekabr saat 17:00-dan 11 dekabr saat 18:00-dək davam edəcək. İmtahan dekabrın 19-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) kompüter vasitəsilə elektron formada keçiriləcək.

Namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra (kabineti olmayanlar) həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

Əlaqəli Xəbərlər