Menyu

İşsiz qalanın borcunu sığorta ödəyəcək

Operativ Media 1753 baxış
İşsiz qalanın borcunu sığorta ödəyəcək

Kredit götürən hər bir vətəndaş borcunu vaxtında ödəməyə çalışır ki, həm kredit tarixçəsi korlanmasın, həm də əlavə faizlər yaranmasın. Lakin bəzən elə hallar baş verir ki, kredit götürən şəxs gözlənilmədən işini və ya əsas gəlir mənbəyini itirir. Bu zaman borcun ödənilməsi təbii olaraq çətinləşir.

Məhz bu kimi halların qarşısını almaq məqsədilə kreditlərin sığortalanması mexanizminin tətbiqi təklif olunur. Belə bir mexanizm çərçivəsində vətəndaş işini itirdikdən sonra kredit ödənişlərini müəyyən müddət ərzində sığorta şirkəti həyata keçirə bilər. 

Hüquqşünas Samir Qasımov qeyd edir ki, əvvəllər banklar müştərilərə belə bir məsuliyyət sığortası təklif edirdilər, lakin hazırda bu praktika mövcud deyil:

“Bir müddət əvvəl Mərkəzi Bank belə bir sığorta növü üzərində iş getdiyini açıqlamışdı.

Sığorta mexanizmi kredit götürən şəxs üçün işsiz qalmaq riskinə qarşı müəyyən məbləğdə qoruma təmin edə bilər. Bu, könüllü və ya məcburi ola bilər və bankın kredit siyasətindən asılıdır. Məsələn, yüksək məbləğli kreditlərdə və ya kredit tarixçəsi tam qaydasında olmayan müştərilər üçün sığorta məcburi ola bilər.

Hazırda banklar kredit götürən şəxslərə ölüm və əmək qabiliyyətinin itirilməsi hallarına qarşı sığorta təklif edir.

Sığorta üzrə ekspert Emin Allahverdiyev isə bildirib ki, yaxın gələcəkdə işsizlikdən qoruyan sığorta məhsulu da banklarda daha populyar olacaq:

“Bu sığorta vasitəsilə kredit götürən şəxs öz maliyyə öhdəliklərini kompensasiya edə biləcək.

Belə bir sığortanın tətbiqi həm kredit götürən şəxsin işsiz qalmaq riskini azaldacaq, həm də kredit tarixçəsinin pozulmamasına, həmçinin bankların problemli kreditləri minimuma endirməsinə imkan yaradacaq”.

Sığorta haqqına gəldikdə isə, bu, əsasən kredit məbləği ilə bağlı müəyyən olunur. Təxminən 0,3–1,5 faiz aralığında dəyişən sığorta tarifləri əsasında sığorta haqqı hesablanır və təbii ki, bu məbləğ şəxsin götürdüyü kreditin məbləği ilə əlaqələndirilir.

İşsizlikdən qoruyan sığorta məhsulu qısa müddət ərzində əmək fəaliyyəti ilə məşğul olan şəxslərə şamil ediləcək".

Ətraflı sujetdə: 

Əlaqəli Xəbərlər