KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxlayıb
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələrin foto və video görüntülərinin montaj edilərək sosial şəbəkələrdə yayılması, həmin görüntülərin silinməsi müqabilində onlardan pul tələb olunması ilə bağlı müraciətlər daxil olub.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Baş İdarə tərəfindən keçirilən əməliyyat-texniki tədbirlərlə bu əməlləri törədən 25 yaşlı İlkin Nəhmədov saxlanılıb. Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs “TikTok” və “Instagram” sosial şəbəkələrindən tələbələrə məxsus foto və video görüntüləri əldə edərək süni intellekt proqramları vasitəsilə montaj edib.
O, görüntülərə təhqiramiz və rüsvayedici ifadələr əlavə edərək yaratdığı saxta sosial şəbəkə hesablarında yayıb. Daha sonra həmin materialların silinməsi üçün tələbələrdən pul tələb edib. Faktla bağlı KMBİ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
"Bir daha hər kəsə sosial şəbəkələrdə şəxsi foto və video görüntülərini paylaşarkən diqqətli olmağı, hesablarının məxfilik parametrlərini düzgün tənzimləməyi və fərdi məlumatlarını tanımadıqları şəxslərlə bölüşməməyi tövsiyə edirik. Qeyd edək ki, vətəndaşlara məxsus foto və video görüntülərdən süni intellekt texnologiyaları vasitəsilə icazəsiz istifadə edilərək saxta, təhqiramiz və rüsvayedici materialların hazırlanması, sosial şəbəkələrdə yayılması, eləcə də onların silinməsi müqabilində pul tələb olunması cinayət məsuliyyəti yaradır. Bu cür qanunsuz əməllərə yol verən şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ciddi hüquqi tədbirlər görülür və törədilən əməlin xarakterindən asılı olaraq azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər", - deyə qurumdan bildirilib.