Azərbaycan boksçuları 2025-ci ildə 231 medal qazanıb
2025-ci il Azərbaycan boksu üçün uğurlu olub və bu il boksçularımız yarışlarda ötən ilə nisbətən 50 faiz çox olmaqla 231 medal qazanıblar.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının prezidenti Sahil Babayev Federasiyanın bu ilin yekunları və gələn ilki hədəflərə həsr olunmuş tədbirində bildirib.
Tədbirdən əvvəl Federasiyanın rəhbər heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.
Tədbirdə Sahil Babayev idmançılarımızı və əməyi olan hər kəsi bu il əldə olunan uğurlara görə təbrik edib. Cari ildə müxtəlif yaş qrupları üzrə milli komandaların 47 yarışda əldə etdikləri 231 medalın 69-nun qızıl, 60-nın gümüş, 102-nin bürünc olduğunu diqqətə çatdırıb.
Federasiya prezidenti rəsmi yarışlarda da ciddi irəliləyişlərə nail olunduğunu qeyd edib. Bildirib ki, boksçularımız World Boxing, IBA təşkilatlarının Avropa və dünya çempionatlarında 60 medal qazanıblar. Bu da ötən ilki göstəricidən 3,5 dəfə çoxdur. 19 yaşlı Sübhan Mamedov isə həm U-23 Avropa çempionu, həm də dünya çempionu tituluna yiyələnib. Cari ildə qazanılan qızıl medalların sayı da 57 faiz artaraq 69-a yüksəlib. Qadın boksçularımız isə bu il əvvəlki ilə nisbətən medal sayını 2 dəfəyə yaxın artıraraq 55-ə çatdırıblar.