Menyu

"Qarabağ"ın vidalaşacağı ilk futbolçu bəlli oldu

Operativ Media
"Qarabağ"ın vidalaşacağı ilk futbolçu bəlli oldu

Az qala bütün oyunçuları üçün təklif alan “Qarabağ” heyətdə dəyişiklik etməyə qərar verib. Ağdamlılar bəzi legionerləri satmaq niyyətindədir.

Operativ Media Futbolinfo.az-a istinadən xəbər verir ki, çempionun vidalaşacağı ilk oyunçu Leandro Andradedir. Artıq bir dəfə Çindən gələn sərfəli təklifi geri çevirən ağdamlılar bu dəfə razılıq verməyə məcbur olub. Oyunçunun da getməkdə israrlı olması “Qarabağ”ın ona “yaşıl işıq” yandırması ilə nəticələnib.

Müştərinin hansı ölkədən olduğunu dəqiqləşdirə bilməsək də, “Qarabağ”ın keçiddən 3 milyon avro qazanacağı dəqiqdir. Bu, komandadakı legionerlər üçün təklif olunan ən yüksək məbləğdir. Digər futbolçuların özünə yüksək maaş vəd edilsə də, klubu qane edəcək rəqəmlər olmadığından digər satışlar reallaşmır.

Baş məşqçi Qurban Qurbanov Leandronun gedişinə həm də ona görə razıdır ki, hücumun sağ cinahında alternativlər çoxdur. Nəriman Axundzadə, Aleksey Kaşuk, Kamilo Duran bu mövqenin oyunçusudur. Joni Montielin formaya düşüb hücumun arxasında inamlı təsir bağışlamasından sonra Kadi Borges də onun üçün daha rahat olan sağ cinaha qayıda bilər.

Ağdamlılar daha bir oyunçunun gedişinə razılıq verib. Hələlik onun adını dəqiqləşdirə bilməmişik. Çox güman ki, Pedro Bikalyo və Mateus Silvadan biri satılacaq. Hər şey onlar üçün təklif olunan məbləğlərin klubu qane etməsindən asılı olacaq. Marko Yankoviç isə azı yayadəl düşərgədə qalacaq – baş məşqçi qalmasını vacib saydığı yarımmüdafiəçini razı sala bilib.

Hər iki oyunçu yanvar ayında satılacaq. “Qarabağ”ın Çempionlar Liqasında pley-offa yüksəlmək şansı qaldığı üçün bütün oyunçular bu ayın 21-də “Ayntraxt”a, bir həftə sonra “Liverpul”a qarşı görüşlərdə Qurban Qurbanovun sərəncamında olacaq. Ağdamlıların bu iki matç üçün sifariş ərizəsinə başqa oyunçu salmaq imkanı olmadığından, tərəflər ÇL-in Liqa mərhələsi bitənədək bir yerdə olmağa razılaşıb. Oyunlar bitdikdən sonra isə Andrade və daha bir legioner (say çoxala bilər) satılacaq. Qış transfer pəncərəsi əksər ölkələrdə fevralın əvvəlində bağlandığı üçün bu “əməliyyat”ı reallaşdırmaq mümkündür.

“Qarabağ” iki oyunçunun satışından əldə olunacaq gəliri yeni oyunçuların alışına sərf edəcək. Komanda pley-offa yüksələrsə, avrokubokda daha yaxşı heyətə ehtiyac olacaq. Hətta mübarizə dayandırılsa belə, ölkə çempionatında hədəfdən uzaqlaşmamaq üçün ağdamlılara yeni qan lazımdır. Qurbanov bunun üçün azı 4 legionerin alınması üçün rəhbərliyə müraciət edib və razılıq alıb. Bir neçə oyunçu ilə uzun müddətdir danışıqlar aparılır və onların keçidi həll olunmaq üzrədir. Yenilərin qışda gəlməsi həm də onların yeni mövsümə qədər adaptasiyasının təmin edilməsi üçün vacib sayılır.

Əlaqəli Xəbərlər