Rafinya: “Hansi Flik gəlməsəydi, "Barselona"dan gedərdim"
“Barselona”nın hücumçusu Rafinya 2026-cı il İspaniya Superkubokunun finalında “Real Madrid” üzərində qazanılan 3:2 hesablı qələbəni şərh edib.
Operativ Media xəbər verir ki, o bu haqda oyun sonrası mətbuat konfransında danışıb.
“Bu mövsümün ən yaxşı anıdırmı? Heç vaxt bunları ən yaxşı anlarım adlandırmazdım, çünki özümə qarşı yüksək tələblərim var. Deyə biləcəyim odur ki, hər zaman komanda üçün əlimdən gələni etməyə, həm müdafiədə, həm də hücumda faydalı olmağa çalışıram”, – deyə o bildirib.
Rafinya komandanın gənc futbolçularından da danışıb: “Bizim çoxlu gənc oyunçumuz var. Bu düşüncə tərzinə, daim qalib gəlmək istəyinə sahib olmaq klub üçün çox vacibdir. Biz titullar uğrunda mübarizə aparacağıq. Bu formanı geyinərkən əsas məqsəd kuboklar qazanmaq olmalıdır. Hazırda yaxşı işlər görürük”.
29 yaşlı braziliyalı futbolçu baş məşqçi Hans-Diter Flikin rolunu xüsusi vurğulayıb: “Bu gün ən vacib məqam komandanın ikinci hissədə diqqətini cəmləyərək geri qayıtması idi. Biz üzərimizə düşəni etdik. Hansi Flik gəlməsəydi, ‘Barselona’dan gedərdim. O, hər şeyi dəyişdi və mənə vacib oyunçu olduğumu dedi. Bir futbolçunun ehtiyacı olan da məhz budur – özünəinam”.
Qeyd edək ki, “Real Madrid”ə qarşı final görüşündə Rafinya qələbə qolunu da daxil olmaqla iki dəfə fərqlənib və matçın ən faydalı oyunçusu seçilib.